IGB Cənub-Şərqi Avropa, Ukrayna və Moldova üçün şaxələndirilmiş qaz tədarükləri üçün yeni, təhlükəsiz qapı açır

Energetika
  • 10 sentyabr, 2022
  • 06:36
IGB Cənub-Şərqi Avropa, Ukrayna və Moldova üçün şaxələndirilmiş qaz tədarükləri üçün yeni, təhlükəsiz qapı açır

Yunanıstan və Bolqarıstanın təbii qaz ötürücü sistemlərini birləşdirən IGB boru kəməri Cənub-Şərqi Avropa regionu, həmçinin Ukrayna və Moldova üçün şaxələndirilmiş təbii qaz tədarükləri üçün yeni, təhlükəsiz qapı açır.

“Report” layihənin operatoru olan ICGB istinadən xəbər verir ki, bunu ICGB-nin icraçı direktorları Teodora Georgieva və George Satlas IGB layihəsinin həm milli, həm də beynəlxalq əhəmiyyətini vurğulayarkən bildiriblər.

Onların sözlərinə görə, bütün səylər müəyyən olunmuş tarixədək EPC müqaviləsi çərçivəsində qalan ikinci dərəcəli fəaliyyətlərin və Yunanıstan və Bolqarıstanda tələb olunan inzibati prosedurların tamamlanmasına yönəldilib.

IGB interkonnektorunun oktyabrın 1-də kommersiya məqsədli istifadəyə veriləcəyi gözlənilir.

Məlumata görə, layihənin icrası yekunlaşma mərhələsindədir, hər iki ölkədə də əməliyyat lisenziyaları və İstifadəyə Verilməsi Hüququ üzrə aktların verilməsi üçün inzibati prosedurlar davam edir.

İnterkonnektorun Yunanıstan ərazisindəki bütün 31 km-lik hissəsi iki gün ərzində (8-9 sentyabr) Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin (Karbohidrogenlər İdarəsi-Quraşdırma Departamenti) nümayəndələri və ICGB rəhbərliyi tərəfindən yoxlanılıb.

Audit, boru kəmərinin Yunanıstan ərazisindəki hissəsinin istismarına icazə verilməsi prosedurunun bir hissəsidir.

Nümayəndə heyəti, Yunanıstandakı boru kəmərinin bütün xətti hissəsi də daxil olmaqla blok klapanlardan biri olan Komotini yaxınlığındakı qaz ölçmə məntəqəsini, TAP və DESFA ilə birləşmə nöqtələrinə ətraflı baxış keçirib.

“Bütün prosedur yerində yoxlamalardan və bir sıra layihə sənədlərinin ətraflı nəzərdən keçirilməsindən ibarətdir. Bunlar, tamamlanan işlərin təbii qaz infrastrukturunun təhlükəsiz istismarı üçün bütün ilkin şərtlərə cavab verməsini təmin etmək üçün edilir. Hazırda bu səfərin üzvlərindən aldığımız rəy müsbətdir və bunun, Yunanıstan üçün tələb olunan əməliyyat icazəsinin vaxtında verilməsi ilə nəticələnəcəyinə ümid edirik”,- ICGB-nin icraçı direktorları Teodora Georgieva və George Satlas qeyd ediblər.

Yunanıstan tərəfindəki yoxlamalara paralel olaraq, ICGB milli qanunvericiliyə uyğun olaraq əməliyyat fəaliyyəti üçün tələb olunan 16 saylı Aktın və İstifadə haqqının verilməsi üçün bütün müvafiq Bolqarıstan qurumları ilə fəal əməkdaşlıq edir.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.