İGB boru kəmərinin tikintisinə indiyədək çəkilən xərcin həcmi açıqlanıb

Energetika
  • 10 may, 2022
  • 06:30
İGB boru kəmərinin tikintisinə indiyədək çəkilən xərcin həcmi açıqlanıb

May ayının əvvəlinə Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria:IGB) layihəsi üçün Avropa maliyyələşdirməsində ümumilikdə 149,8 milyon avro istifadə edilib.

“Report” IGB operatoru olan ICGB-yə istinadən xəbər verir ki, 44,1 milyon avro isə layihə tam başa çatana qədər ICGB layihə şirkəti tərəfindən istifadə edilməli olan məbləğdir. Ümumilikdə, qrant və kredit vəsaitlərinin 77 %-i istifadə olunub.

Məlumata görə, Bolqarıstan və Yunanıstan arasında qaz konnektorunun tikintisi ümumilikdə 240 milyon avro dəyərindədir. Bunun 45 milyon avrosu Bərpa üçün Avropa Enerji Proqramı (EEPR), 39 milyon avro 2014-2020-ci illər ərzində “İnnovasiya və Rəqabətqabiliyyət” Əməliyyat Proqramı (OPİC) çərçivəsində ayrılıb.

Bundan başqa, 109,9 milyon avro Avropa İnvestisiya Bankından (AİB) kredit şəklində verilib, qalan vəsait isə səhmdarlar - Bolqarıstanın Milli Enerji Şirkəti (BEH) və Yunanıstan-İtaliya birgə “İGI Poseidon” şirkəti tərəfindən təmin edilib.

Həmçinin məlumatda bildirilir ki, may ayının əvvəlinə ICGB Avropa, milli və regional səviyyədə beş müstəqil audit və bir sıra yoxlamalardan uğurla keçib. Üç ayrı tranş vasitəsilə EEPR çərçivəsində cəmi 23 milyon avro, OPIC çərçivəsində 36,8 milyon avro və EİB krediti çərçivəsində ümumilikdə 90 milyon avro ayrılıb. Layihənin ümumi dəyərinə çatana qədər cəmi 44,1 milyon avro ayrılmalıdır ki, bu da yalnız yerinə yetirilən fəaliyyətlərin, çatdırılan avadanlıqların və layihə üzrə yerinə yetirilən işin sübut edilmiş keyfiyyətinin təsdiqindən sonra mərhələli şəkildə baş verəcək.

Öz növbəsində, ICGB, həmçinin EPC podratçısı - Yunanıstanın “AVAX” şirkətinə yerinə yetirilən fəaliyyətlərə, çatdırılan avadanlıqlara və əldə edilmiş hədəflərə əsasən ayrı-ayrı tranşlarla ödəniş edir.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.