ICGB: “IGB layihəsinin xətt üzrə işlər mərhələsi demək olar ki, tamamlanıb”

Energetika
  • 28 yanvar, 2022
  • 11:26
ICGB: “IGB layihəsinin xətt üzrə işlər mərhələsi demək olar ki, tamamlanıb”

2022-ci il yanvarın sonuna olan vəziyyətə görə, 182 km uzunluğa malik Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun bütün boruları qaynaqlanıb və xəndəklərə yerləşdirilib. Layihənin xətt üzrə işlər mərhələsi demək olar ki, tamamlanıb.

Bu barədə “Report”a qaz kəmərinin tikintisi və işlənməsi ilə məşğul olan ICGB layihə şirkətindən bildiriblər.

Məlumata görə, hazırda hidravlik sınaqlar aparılır. Hazırda Stara-Zaqora Bolqarıstan ərazisinin və Komotini Yunanıstan ərazisinin yaxınlığında iki qazölçmə stansiyası, həmçinin Haskovo şəhəri (Bolqarıstan) yaxınlığında dispetçer mərkəzi üzərində fəal iş aparılır.

“Tikintinin podratçısı olan Yunanıstanın "AVAX" şirkəti hər həftə əldə olunmuş tərəqqi ilə bağlı məlumatlandırır. Bundan əlavə, xəttin kommersiya istismarı mərhələsinə hazırlıq çərçivəsində ICGB şirkəti inzibati prosedurlara, o cümlədən şirkətin müstəqil daşıma operatoru kimi sertifikatlaşdırılmasına hazırlaşır”, - ICGB-dən bildiriblər.

Şirkətdən bildiriblər ki, birinci bazar testi mərhələsində qaz kəmərinin buraxılış qabiliyyətinin yarısı uzunmüddətli müqavilələrə uyğun olaraq bron edilib: “ICGB şirkəti tam əmindir ki, kommersiya fəaliyyətinin başlaması ilə qaz kəmərinin buraxılış qabiliyyəti tam şəkildə bron ediləcək”.

Hazırda IGB-nin Trans-Adriatik Qaz Kəməri (TAP), Trans-Anadolu Qaz Kəməri (TANAP) və Aleksandrupolis (Yunanıstan) sıxılmış təbii qaz terminalı kimi layihələrlə sinerji şəklində inkişaf etməkdə olduğu bildirilib və bunun, xüsusilə də Cənub-Şərqi Avropa regionunda çoxsaylı yeni bazarlara çıxış əldə etməyə imkan verəcəyi qeyd olunub.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. Hazırda interkonnektorun ötürücülük gücünün yarıısı artıq rezerv edilib ki, bu da cəmi 1,57 milyard kubmetr təşkil edir.