Hümmət Əliyev: "Neft-qaz sektorundan "yaşıl enerji"yə keçid hüquqi tənzimləmə tələb edir"
- 01 iyul, 2026
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft və qaz sahəsində fəaliyyət göstərən minlərlə mütəxəssisin "yaşıl enerji" sektoruna yenidən inteqrasiyası ciddi hüquqi tənzimləmə mexanizmlərinin formalaşdırılmasını zəruri edir.
"Report" xəbər verir ki, bunu Quba Biznesə Dəstək Platformasının Direktorlar Şurasının hüquq komitəsinin rəhbəri Hümmət Əliyev "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" adlı tədbirdə bildirib.
Onun fikrincə, bu istiqamətdə lazımi addımlar atılmadığı halda əmək bazarında ciddi disbalans meydana gələcək: "Çünki biz bilirik ki, uzun illərdir Azərbaycanın əsas büdcə gəlirləri neft-qaz sektoru hesabına formalaşdığı üçün, gənclərimiz bir növ olaraq həmin sektorda çalışmağa, gələcəyini qurmaq üçün bu istiqamətdə təhsil almağa meylli olublar. Ona görə də, həmin sahədə çalışan mütəxəssislərin yaşıl enerji istiqamətində yenidən ixtisaslaşdırılması böyük hüquqi dəstək tələb edəcək. Azərbaycan Əmək Məcəlləsi işçilərin hüquqlarını qoruyur. Struktur dəyişiklikləri və ixtisaslaşma prosesində qanunvericilik işçilərin ixtisara salınmasının və ya yenidən hazırlıq hüququnu tanıyır. Yəni, burada həm ixtisas artırma, həm də yenidən digər bir sahəyə yönləndirilməsində dəstək olunur".
H. Əliyev qeyd edib ki, "yaşıl sektor"da yeni yaranan iş yerlərində gender balansının qorunması, qadınlar və gənclər üçün xüsusi kvotaların və stimullaşdırıcı proqramların olması ədalətli keçidin şərtlərindən biridir: "İri layihələrin icrası üçün böyük torpaq sahələri tələb olunur. Bu zaman torpaqların təyinatının dəyişdirilməsi, bələdiyyə, dövlət və yaxud da ki, xüsusi mülkiyyətdə olan torpaqlar istifadəyə hüquq kimi məsələlər ortaya çıxır. Bunlar Azərbaycanın torpaq və mülkiyyət qanunvericilikləri tam uyğun olmalıdır. Yerli vətəndaşların, icmaların maraqları zərər görməməlidir. Torpaq istifadəsindəki dəyişikliklər qanunla tənzimlənməlidir".
Ekspert vurğulayıb ki, infrastrukturun qurulması, logistika zamanı ətraf mühitin qiymətləndirilməsi üzrə hüquqi ekspertizalar ciddi şəkildə aparılmalıdır: "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanunun tələblərinə riayət edilməsi təmin olunmalıdır. Yerli icmaların rifahına yönələn investisiyalar həyata keçirilməsi hüquqi müqavilələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlıq müqavilələribdə öz əksini tapmalıdır".