Gürcüstanın 2025-ci ildə idxal edəcəyi Azərbaycan qazının həcmi açıqlanıb
- 09 yanvar, 2025
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan 2025-ci ildə Azərbaycandan 2,91 milyard kubmetr qaz idxal etməyi planlaşdırır.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin saytında dərc olunmuş yanacaq-enerji balansının proqnoz materiallarında deyilir.
Bildirilir ki, bu il Azərbaycandan qaz tədarükü 2024-cü il üçün proqnozlaşdırılan 3 milyard 17 milyon kubmetr qaza qarşı 2,91 milyard kubmetr təşkil edəcək (azalma 3,5 %). Rusiyadan tədarükün 2024-cü ilin balans məlumatları ilə müqayisədə iki dəfə artırılaraq 400 milyon kubmetrə çatdırılması planlaşdırılır. 2025-ci il üçün ölkədə təbii qaz hasilatı 14,74 milyon kubmetr həcmində qiymətləndirilir.
2025-ci ildə Gürcüstanda təbii qaz istehlakı 2024-cü ilin proqnoz göstəricisi (3,23 milyard kubmetr) ilə müqayisədə 2,8 % artaraq 3,32 milyard kubmetr təşkil edəcək.
Hazırda Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısıdır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qaz tədarükünü Qazıməmməd-Qazax boru kəməri vasitəsilə həyata keçirir. Bundan başqa, “Şahdəniz” yatağından hasil edilən qaz Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə Gürcüstana çatdırılır.
Gürcüstan 2023-cü ildə 2,25 milyard kubmetr qaz idxal edib, ümumi tədarükdə Azərbaycanın payı 78,5 % təşkil edib. Keçən il Azərbaycandan Gürcüstana 313,5 milyon ABŞ dolları məbləğində təbii qaz tədarük edilib.