Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 27 % artırıb
- 20 avqust, 2026
- 17:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 234,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 27 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə iyulda isə Gürcüstan Azərbaycandan 26,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 3,2 % çoxdur.
Bu ilin ilk 7 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 592 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 51,5 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 740,4 milyon ABŞ dolları, Türkiyədən 150,7 milyon ABŞ dolları, Rumıniyadan 130,8 milyon ABŞ dolları, Belarusdan 56,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.