Gələn il “Suraxanı” yatağından hasilat 6 %-dən çox azalacaq

Energetika
  • 09 dekabr, 2023
  • 13:03
Gələn il “Suraxanı” yatağından hasilat 6 %-dən çox azalacaq

2024-cü ildə “Suraxanı” yatağından 0,97 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2023-cü ildə yataqdan 1,04 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 0,07 milyon barel və ya 6,73 % çoxdur.

2022-ci ildə isə bu göstərici 1,10 milyon barel təşkil edib ki, bu da gələn ilin proqnoz göstəricisindən 0,13 milyon barel və ya 11,82 % çoxdur.

Qeyd edək ki, "Suraxanı" neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 metr yüksəklikdə yerləşir. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 16 avqust 2005-ci ildə qüvvəyə minib. Saziş sahəsi 13 km2-dir. Yatağın işlənməsinə 24 avqust 1904-cü ildə Ağcagil mərtəbəsindən 211 metr dərinliyə qazılmış 73 204 №-li quyunun fontan üsulu ilə istismara verilməsindən başlanıb. Gündəlik hasilat 35 ton neft olub.

Suraxani Neft Əməliyyat Şirkəti və "Rafi Oil F.Z.E." şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Rafi Oil"ın iştirak payı 75 %, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) isə 25 % təşkil edir.