Gələn il “Şahdəniz” yatağından qaz hasilatı 7 % artacaq
- 06 dekabr, 2021
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 22,8 milyard kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,5 milyard kubmetr və ya 7,04 % çoxdur.
2020-ci ildə isə bu göstərici 18 milyard kubmetr təşkil edib ki, bu da gələn ilin proqnoz göstəricisindən 4,8 milyard kubmetr ya 26,7 % azdır.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.