Gələn il “Mişovdag” və “Kəlaməddin” yataqlarındakı hasilatın proqnozu məlum olub
- 29 noyabr, 2022
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə “Mişovdag” və “Kəlaməddin” yataqlarından 0,64 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Bildirilir ki, 2022-ci ildə yataqlardan 0,64 milyon barel neft hasil olunması proqnozlaşdırılıb. 2023-cü ildə hasilatın həcmi bu ilin proqnozu ilə müqayisədə eynidir.
2021-ci ildə isə bu göstərici 0,67 milyon barel təşkil edib. Gələn ilin proqnoz göstəricisi 2021-ci ildəkindən 0,03 milyon barel və ya 4,48 % azdır.
Qeyd edək ki, "Mişovdağ" yatağı Bakı şəhərindən 80 km cənub-qərb istiqamətdə yerləşir. 1956-ci ildən işlənməyə daxil edilib. Yataqda 754 quyu qazılıb.
"Kəlaməddin" yatağı isə Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə işlənməyə verilib. "Kəlaməddin" yatağında ümumilikdə 151 quyu qazılıb.