“Fitch Solutions”: “Qazaxıstan Azərbaycan vasitəsilə nefti iki marşrutla ixrac edəcək”
- 12 sentyabr, 2022
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Azərbaycan ilə xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparıb və sentyabrda bu marşrutla ixracın başlanacağı gözlənilir.
"Report” xəbər verir ki, bu barədə "Fitch Solutions" agentliyinin hesabatında deyilir.
Agentliyin analitiklərinin fikrincə, ilkin olaraq gündəlik təxminən 30 min barel neftin ixracı gözlənilir: “Əlavə olaraq gündəlik 75 min barel neft Azərbaycan vasitəsilə Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına və ya dəmir yolu ilə göndərilə bilər, çünki ölkə artıq ilin əvvəlindən dəmir yolu ilə xam neft tədarükünün həcmini artırıb.
Bununla belə, bütün bu variantlar əhəmiyyətli logistika məhdudiyyətləri ilə üzləşir və Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə nəqlin davamlı şəkildə dayandırılması Qazaxıstanda neft hasilatının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnəcək”.
Ölkənin xam neftinin əsas hissəsini (gündəlik 1,2 milyon bareldən çox) Xəzər Boru Kəməri Konsorsiumu Qara dəniz vasitəsilə ixrac edir. Qazaxıstan hökuməti ixracla bağlı problemlərin olduğunu qeyd edir. Xüsusilə, CPC-nin Qara Dəniz terminalı vasitəsilə ixracatda dayanmalar baş verir və hazırda onun üç yanalma körpüsündən ikisində təcili təmir işləri aparılır.
"Rusiyanın Qazaxıstan üçün əsas ixrac marşrutuna nəzarət etdiyini nəzərə alsaq, Ukraynadakı müharibə ilə bağlı proqnozun əhəmiyyətli azalma riskinin şahidi oluruq. İyulun əvvəlində Novorossiysk məhkəməsi neft sızmasının qarşısının alınması planı ilə bağlı iddia edilən pozuntuları əsas gətirərək, CPC-nin ixracı 30 gün müddətinə dayandırması haqqında qərar çıxarıb. Bununla belə, CPC-nin apellyasiya şikayətindən sonra dayanma qısa zamanda aradan qaldırılıb. Qərar sırf texniki səbəblərlə əsaslandırılsa da, Qərbin Rusiyaya qarşı sanksiyaları genişləndirməkdə davam etdiyi bir zamanda rəsmi Moskva bazarı sərtləşdirmək və qiymətləri yüksəltmək üçün Qazaxıstanın ixracına nəzarətindən istifadə edə bilər. Qazaxıstanın isə ixrac imkanları məhduddur”, - "Fitch Solutions" bildirir.
Hesabata görə, Qazaxıstan hökuməti ilkin olaraq xam neft və kondensat hasilatını 87,5 milyon ton (gündəlik təxminən 1,76 milyon barel) səviyyəsində planlaşdırsa da, sonradan bu rəqəmi 85,5 milyon tona (gündəlik 1,72 milyon barel) endirib. Ölkənin energetika naziri Bolat Akçulakov proqnozun aşağı salınmasını bir neçə amillə əsaslandırıb: "Bunlardan biri "Tengiz" neft yatağında avqustda başlanmış və sentyabrda başa çatdırılmalı nəzərdə tutulan cari planlı təmir işləridir. Digər tərəfdən, qaz sızması səbəbindən "Kaşaqan"da da hasilat dayandırılıb. Hasilat bərpa edilsə də, yataq hələlik tam gücü ilə fəaliyyət göstərmir".