“Fitch Ratings”: "Neftin qiyməti Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir"
- 19 oktyabr, 2021
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
"Dünya bazarında neftin qiymətinin artması cari hesabın kəskin bərpası baxımından həlledici amil oldu. Məhz bunun sayəsində “Fitch” Beynəlxalq Reytinq Agentliyi may ayında Azərbaycanın “ВВ+” reytinqi ilə bağlı proqnozunu mənfidən sabitə dəyişdi".
Bunu “Report”a “Fitch Ratings” agentliyinin Azərbaycan üzrə direktoru Duqlas Uinslou və onun həmkarı “Fitch Ratings” agentliyinin suveren istiqrazlar şöbəsinin baş direktoru Pol Qembl bildiriblər.
“Bu, “Fitch”in may ayında Azərbaycanın “ВВ+” reytinqi ilə bağlı proqnozunu mənfidən sabitə dəyişməsində vacib rol oynayıb. Xülasədə qeyd etmişik ki, Azərbaycanın suveren balansının gücü pandemiya dövründə olduğu kimi saxlanılıb və “Fitch”in neftin qiymətinin artım proqnozları ilə dəstəklənir ki, bu da nizamsız makroiqtisadi korrektə riskini daha da azaldır”, - onlar deyiblər.
Ümumilikdə, neftin qiymətinin builki artımı 2021-ci ildə 7,9% ÜDM (2020-ci ildə 0,5% ÜDM defisiti səviyyəsində olmuşdu) səviyyəsində proqnozlaşdırdığımız cari hesabın kəskin bərpası baxımından həlledici amil oldu. Bu isə analoji “BB” qrupunun ən yüksək göstəricisidir.
“Fitch”in proqnozlarına görə, hazırda neft xammalının 1 barelinin orta qiyməti 63 ABŞ dolları təşkil edir, halbuki ötən il 43 ABŞ dolları təşkil edirdi.
“Azərbaycanın ixracdan daxil olan gəlirinin və builki ümumi ödəniş balansının dəyişməsində əsas amil enerji daşıyıcılarının dünya qiymətləridir. 2020-ci ildə ölkənin ümumi ixracının 86%-ni, 2021-ci ilin birinci yarısında isə 87%-ni neft və qaz (əsasən neft) təşkil edib”, - analitiklər vurğulayıblar.
“Fitch Ratings” Azərbaycanda neft hasilatının OPEC-in proqnozlarına uyğun olacağını gözləyir. Proqnozlara görə, 2021-ci ildə Azərbaycan orta hesabla gündəlik 0,75 milyon barel neft hasil edəcək, bu isə ötənilki gündəlik 0,73 milyon barel göstəricisindən cüzi artıqdır. 2022-ci ildə ölkənin gündəlik 0,82 milyon barel neft hasil edəcəyi gözlənilir.