"Fitch" neft-qaz qiymətləri üzrə proqnozlarını artırıb
- 06 oktyabr, 2026
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı il üçün neftin qiyməti üzrə proqnozunu bir barel üçün 87 ABŞ dolları təsdiqləyib və 2027-ci il üçün proqnozlaşdırılan qiyməti isə 5 ABŞ dolları artıraraq bir barel üçün 70 ABŞ dollarına çatdırıb.
"Report" xəbər verir ki, bunu "Fitch Ratings"in EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunda korporativ reytinqlər üzrə qrupunun direktoru Yaqub Zasada Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" çərçivəsində bildirib.
Onun sözlərinə görə, neft bazarındakı əhəmiyyətli volatilliyə baxmayaraq, hələ yazda 2026-cı il üçün müəyyən edilmiş qiymət hədəfinə yenidən baxılmasına ehtiyac olmayıb. Belə ki, iyunun ortalarında ABŞ və İran arasında memorandumun imzalanması, eləcə də Hörmüz boğazı vasitəsilə tədarüklərin müharibədən əvvəlki həcmlərin 75 %-nə qədər bərpa edilməsi fonunda kotirovkalar qısamüddətli olaraq bir barel üçün 70 ABŞ dollarına qədər düşmüşdü.
Bununla belə, ardınca vəziyyətin gərginləşməsi və sentyabrın əvvəlində Səudiyyə Ərəbistanındakı infrastruktur obyektlərinə endirilən zərbələr qiymətləri yenidən bir barel üçün 100 ABŞ dollarından yuxarı qaldırıb.
"Fitch" analitikləri proqnozlaşdırırlar ki, IV rübdə qlobal neft təklifi OPEC-ə daxil olmayan ölkələrdə (ABŞ, Braziliya, Qayana, Argentina) hasilatın artırılması hesabına sutkada demək olar ki, 107 milyon barelə qədər artacaq: "Qlobal tələbat isə təqribən gündəlik 104 milyon barel səviyyəsində qalacaq ki, bu da bazarda təklif artıqlığının yaranmasına səbəb olacaq".
Bundan əlavə, agentlik Avropa qaz qiymətləri (TTF habı) üzrə proqnozunu cari il üzrə 1 min kubfut üçün 17 ABŞ dollarına (1 min kubmetr üçün təqribən 600 ABŞ dollarına), 2027-ci il üzrə isə 1 min kub fut üçün 11 ABŞ dollarına qədər artım istiqamətində düzəldib.
"Yenidən nəzərdən keçirilmə Yaxın Şərqdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracının azalması ilə şərtlənir. Xüsusən, Qətər yazda fors-major halları elan etdikdən sonra təxminən 100 LNG partiyası yola salıb ki, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisindən 500-dən çox partiya aşağıdır", - Y. Zasada qeyd edib.