Fəxri neftçi, şəhid atası - bir kimyaçının ömür dastanı – REPORTAJ
- 20 sentyabr, 2025
- 11:33

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu onun üçün çox doğma yerdir. Nəriman Əliyev bu müəssisənin formalaşmasında, kollektivin yetişməsində, yeni texnologiyaların mənimsənilməsində şəxsən iştirak edib. Zavodun Karbamid-amonyak istehsalı şöbəsinin mühəndisi kimi onun zəhməti həm böyük, həm də əvəzsizdir.
Rusiya bizim mütəxəssislərin işinə təəccüblənir
Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya göz açan Nəriman Əliyevin uşaqlığı kəndin sakit həyətləri, məktəb yolları ilə keçib. 1979-cu ildə məktəbi bitirdikdən sonra arzuları onu Bakıya gətirdi. Ali təhsil almaq istədi, lakin Leninqrad Texnologiya İnstitutunun qapıları bal fərqindən üzünə açılmadı. Amma o, yolunu yarıda qoymadı - Sumqayıta üz tutdu. 41 nömrəli Texniki Peşə məktəbində bir illik kimyəvi-aparatçı kursunu bitirdi və 1980-ci ildən taleyini sənaye səsi ilə yazdı. Sintetik Kauçuk Zavodunun gurultulu sexlərində ilk dəfə aparatçı kimi işə başladı.
İki illik hərbi xidmət də onun kimya ilə bağlı arzularını sındıra bilmədi. Vətənə dönən kimi yenidən zavodun qapısından içəri girdi. 1986-cı ildə isə onun həyatında yeni mərhələ başladı - həmin dövr üçün nadir hesab edilən etilen istehsalatına keçdi. Etilen qurğuları o vaxt həm SSRİ-də, həm də dünyada barmaqla sayılacaq qədər idi.
Nəriman müəllim illərin tozlu xatirələrini vərəqləyərək 1992-ci ili xatırlayır. Etilen-Polietilen Zavodunda (EP300) baş verən böyük yanğınlı qəza… Alovun səsi, işıqlı göylərin altında yanan borular, zavodun taleyini sual altında qoyan dəhşətli mənzərə… Bir il fasiləsiz iş getdi. Azərbaycan Rusiyadan kömək istədi, amma cavab olmadı.
"Biz geri çəkilmədik. Öz mütəxəssislərimizlə, əlimizlə, zəhmətimizlə o istehsalatı bərpa etdik. EP300 qurğusu yenidən işə başlayanda, məhsul hazır olanda Rusiyadan, Avropadan olan mütəxəssislər bizə təəccüblə baxırdılar. Hamının bir sualı var idi: "Siz bunu necə bacardınız?" - deyə o fəxrlə xatırlayır.

Zavodun təməlini qoyanlardan birinin adi iş günü
Uzun illər etilen istehsalatının texnoloqu kimi çalışan Nəriman Əliyev 2018-ci ildən yolunu SOCAR Karbamid Zavoduna saldı. Zavodun ilk nəfəsini, sınaq-sazlama mərhələsini də o yaşatdı. O vaxt karbamid-amonyak istehsalına rəhbərlik edirdi.
Hər iş günü isə səliqə ilə planlanır. Səhər zavodun qapısından içəri girən kimi əvvəlki günün "hesabat dəftəri" vərəqlənir - hansı hadisələr baş verib, texnoloji rejimdə nə dəyişib, səbəblər nədir. Bütün məlumatlar cədvəllərə köçürülür, rəhbərliyə, aidiyyəti şöbələrə göndərilir.
"Sonra diqqətimizi istehsal prosesinə yönəldirik. Burada ən müasir texnologiyalardan istifadə olunur. Əgər hər hansı kənaraçıxma və ya dayanma olursa, səbəbini araşdırır, təkrar yaşanmaması üçün tədbirlər planı hazırlayırıq. Yalnız planı yazmaqla kifayətlənmirik, onun icrasını da təmin edirik", - deyə Nəriman müəllim izah edir.
O, səmimi etiraf edir ki, bu iş heç də həmişə asan deyil. Karbamid Zavodu istismara verilən ilk günlərdə böyük çətinliklər yaşanıb. Çünki işçilər təcrübəsiz idi, avadanlıqlar isə tamamilə yeni idi. Uzun illərin mütəxəssisi olmasına baxmayaraq, özü də yeni texnologiyaların mənimsənilməsinin necə böyük əmək tələb etdiyini hiss edib.
"Çətinliklərə baxmayaraq, biz bu baryeri aşdıq. 2019-cu ildə zavod tam istismara verildi. O gündən bəri isə məhsuldarlığımız ildən-ilə artır", - deyə o qürurla bildirir.

SOCAR Karbamid Zavodunun istehsal nailiyyətləri
SOCAR Karbamid Zavodu bu ilin əvvəlindən sentyabrın 15-dək 455 min tona yaxın məhsul istehsal edib. Müqayisə üçün, əvvəlki illərdə bu göstərici cəmi 110-120 min ton səviyyəsində idi. Bu gün zavod gücünün 95,3 %-i həcmində işləyərək ölkənin kimya sənayesində mühüm rol oynayır.
Müəssisə fasiləsiz iş rejimində fəaliyyət göstərir. Burada üç əsas sahə mövcuddur: karbamid-amonyak istehsalı, köməkçi sahə və anbar kompleksi. Bu sahələrin idarə olunması müasir texnologiyalarla təchiz olunmuş İdarəetmə Mərkəzindən həyata keçirilir. Operatorlar və mühəndislər prosesləri real vaxtda izləyir, dəyişikliklər isə avtomatik icra olunur. Sahə operatorları ilə idarəetmə mərkəzindəki əməkdaşlar arasında fasiləsiz əlaqə saxlanılır, mühəndislər isə bu proseslərə daimi nəzarət edirlər. Zavodun işi intizam, peşəkarlıq və müasir texnologiyanın harmoniyası üzərində qurulub.
Əməklə ucalan, qürurla yaşayan ömür
Bu nizam-intizamın, peşəkarlığın arxasında isə həyatını kimya sənayesinə həsr etmiş mühəndislər dayanır. Onlardan biri də Nəriman müəllimdir. O, SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində çalışdığı illərdə "Təşəkkürnamə" ilə, etilen istehsalının işə salınmasında göstərdiyi xidmətlərə görə isə dövlət mükafatları ilə təltif olunub. Daha sonra ona "Fəxri neftçi" döş nişanı təqdim edilib, ötən ilin sentyabrında isə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Bu, həm onun şəxsi əməyinə, həm də ölkənin kimya sənayesinə verilən böyük qiymətin ifadəsidir.
Nəriman müəllimin ömür yolu isə peşəkar uğurları ilə yanaşı, həm də fədakarlıqla işıqlanır. İki övlad atası olan mühəndisin oğlu da zavodda çalışırdı. Lakin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq ailəsinə həm kədər, həm də əbədi qürur miras qoydu. Şəhid atasının kövrək xatirələrində həm nisgil, həm də qürur duyulur:
"Dövlətin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman hiss etmişəm. Oğlumun itkisi ürəyimdə əbədi bir yaradır, amma qızım da kimyaçı kimi mənim yolumu davam etdirir. Bu, mənə güc verir", - deyə fəxrlə söyləyir.
Beləcə, Karbamid Zavodunun hər bir istehsal göstəricisinin arxasında yalnız texnologiya deyil, həm də xalqına, torpağına və sənətinə bağlı insanların əzmi dayanır.


Müasir texnologiya və yüksək istehsal
Söhbəti qəmli notlardan uzaqlaşdırmaq üçün biz Nəriman müəllimdən Karbamid Zavodunun texnoloji sirrlərindən birini bölüşməsini istədik. O, gülümsəyərək dedi ki, illər boyu üç böyük sahədə - kauçuk, etilen və karbamid istehsalında çalışıb. Bu sahələrin hər biri kimya elminin ən mürəkkəb istiqamətlərini əhatə edir:
"Kimyaçı bu üç istiqamətdə işləyibsə, digər sahələrdə çətinlik çəkmir. Çünki elmə məlum olan bütün proseslərin 90 %-i bu istehsalatlarda öz əksini tapır", - deyə o vurğuladı.
Amma Karbamid Zavodunda onu heyrətləndirən tamamilə yeni texnologiyalarla qarşılaşıb. Xüsusilə də hovuz reaktoru ilə:
"Etilen istehsalatında belə bir reaktor görməmişdim. Adətən reaktor deyəndə katalizatorla işləyən aparat nəzərdə tutulur. Amma karbamid ərintisinin hazırlandığı hovuz reaktorunda katalizator yoxdur. Burada proseslər tamam fərqli şəkildə aparılır".
Nəriman müəllim həmçinin dənəvərləşdirmə texnologiyasını misal çəkir. Dünyanın bir çox karbamid zavodlarında pril istiliyindən istifadə edildiyi halda, bizdə xüsusi texnologiya ilə maye toz halına gətirilir və nəticədə yüksək keyfiyyətli dənəvər əldə olunur.
Zavodun əsas gücü ondadır ki, təbii qaz, su və elektrik enerjisi ilə özünü təmin edir. Elektrik enerjisinə olan tələbatın 95-99 %-i müəssisənin öz turbin-generatorları vasitəsilə ödənilir. İstehsal zənciri ardıcıllıqla qurulub: əvvəlcə ammonyak və karbamid ərintisi hazırlanır, hovuz reaktorunda buxarlandırma yolu ilə qatılaşdırılır, sonra dənəvərləşdirilir və nəhayət, 60 min tonluq hazır məhsul və 20 min tonluq əmtəəlik məhsul anbarlarında saxlanılır.
Zavodun istehsal göstəriciləri və imkanları
Müasir texnologiyanın tətbiqi artıq öz bəhrəsini verib. Təkcə bu ilin sentyabrın əvvəlindən 14-dək 25 685 ton karbamid istehsal olunub. İlin əvvəlindən həmin dövrə qədər isə 454 868 ton məhsul istehsal edilib. Müqayisə üçün: 2019-cu ildə istehsal 171 min ton, 2020-ci ildə 119 min ton, 2021-ci ildə 355 min ton, 2022-ci ildə 537 min ton, 2023-cü ildə 453 min ton, 2024-cü ildə isə 652 min ton təşkil edib. Gözləntilərə görə, bu il ötənilki rekord göstəricini də üstələmək mümkündür.

İstehsal olunan məhsulun təxminən 70 %-i ixrac edilir. Azərbaycan karbamidi hazırda Türkiyə, Ukrayna, Braziliya və Avropanın digər ölkələrinə tədarük olunur.
Amma bütün bunlara baxmayaraq, Nəriman müəllimin fikrincə, imkanlar hələ tam istifadə olunmayıb:
"Məsələn, kauçuk istehsalını bərpa etmək vacibdir. Bu, şin və rezin sənayesinin inkişafına təkan verər. Bundan başqa, kalium gübrəsi də daxil olmaqla, müxtəlif gübrələrin istehsalı mümkündür. Çünki bizdə xammal bazası - dəniz, duz yataqları mövcuddur. Sadəcə, bəzi materialları, məsələn qələvini xaricdən alırıq".
Onun sözlərinə görə, bu planların mərhələli şəkildə həyata keçiriləcəyinə inanmaq üçün əsas var.
Gələcəyə inam və gənclərə çağırış
Nəriman müəllim kimya sahəsində gələcək barədə düşünərkən ümidini itirmir. Onun fikrincə, yaxşı mühəndis olmaq üçün ilk növbədə istək olmalıdır:
"İnsanın daxilində məqsədə çatmaq arzusu olmasa, elm də, texnologiya da ona kömək edə bilməz. İkincisi, işə münasibət çox vacibdir. Bu iki amil olduqda məqsədlərə çatmaq mümkündür".
Lakin o, bir həqiqəti də qeyd edir: müasir gənclərin əksəriyyəti informasiya texnologiyaları və maliyyə sahələrinə maraq göstərir. Bu isə təbiidir, çünki hazırkı iqtisadiyyat daha çox həmin istiqamətləri tələb edir. Amma kimya sənayesinə könül verən gənclər də az deyil.
"Əsas məsələ onları düzgün istiqamətləndirməkdir. Təcrübəli mühəndislər gənclərə kimya sənayesinin incəliklərini öyrətməli, onları ruhlandırmalıdırlar. Bu sahədə çalışmaq çətin olsa da, nəticəsi çox dəyərlidir", - deyə o, gənclərə mesaj verir.
Nəriman Əliyevin ömür yolu həm zəhmətin, həm də vətənpərvərliyin nümunəsidir. Onun hekayəsi göstərir ki, çətinlikləri aşmaq üçün peşəsinə sevgi, işinə sadiqlik və məqsədə doğru inamla addımlamaq kifayətdir.
Videoreportaj: Gülçin Cəmil
Operator: Mircavid Eminoğlu