Əsəd M.Xan: "Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması İƏT ölkələri üçün real enerji keçidinə yol açacaq" - MÜSAHİBƏ

Energetika
  • 05 noyabr, 2025
  • 12:04
Əsəd M.Xan: Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması İƏT ölkələri üçün real enerji keçidinə yol açacaq - MÜSAHİBƏ

Avrasiyanın 10 dövlətini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regional əməkdaşlığın daha fəal şəkildə gücləndirilməsi mərhələsindədir. Rəqəmsallaşma, nəqliyyat dəhlizlərinin inkişafı, enerji keçidi və iqlim çağırışları ilə mübarizə gündəlikdə duran əsas məsələlərdir.

İƏT-in baş katibi doktor Əsəd M.Xan "Report"a eksklüziv müsahibəsində Azərbaycanın strateji tərəfdaş kimi rolu, Bakıdakı ECO-UNIDO Təmiz Enerji Mərkəzinin gələcəyi, həmçinin vahid enerji strategiyası və rəqəmsal gömrük qurumunun formalaşdırılması planları haqqında danışıb. Region ölkələrinin üzləşdiyi əsas çağırışlara və əməkdaşlığın dərinləşməsi ilə ortaya çıxan imkanlara xüsusi diqqət yetirilib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycanın Xəzər dənizi, Qafqaz və Mərkəzi Asiya arasındakı strateji mövqeyini nəzərə alaraq, İƏT çərçivəsində rolunu necə qiymətləndirirsiniz? Yaxın illərdə Azərbaycanla əməkdaşlığın hansı istiqamətləri prioritet ola bilər?

- Azərbaycan Xəzər dənizi, Qafqaz və Mərkəzi Asiya arasındakı coğrafi mövqeyindən səmərəli istifadə edərək iqlim, enerji, kənd təsərrüfatı və sənaye sahələrində regional əməkdaşlığın inkişafına töhfə verir və bununla da İƏT-in fəaliyyətində strateji və fəal rol oynayır.

Ölkə İƏT-ə sədrlik, COP29-a ev sahibliyi və təşkilatın 17-ci Zirvə görüşünü təşkil edərək "yaşıl enerji", iqlim davamlılığı və dayanıqlı əlaqələr gündəliyini təşviq etməklə liderlik nümayiş etdirib.

Azərbaycanın irəli sürdüyü əsas təşəbbüslər arasında enerji səmərəliliyi və bərpa olunan enerji bazarlarının inkişafına töhfə verəcək İƏT Təmiz Enerji Mərkəzinin yaradılmasını, eləcə də resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyatın inkişafını nəzərdə tutan RESCUE birgə təşəbbüsünü qeyd etmək olar.

Azərbaycan kənd təsərrüfatı və sənaye sahələrində ərzaq təhlükəsizliyi, heyvan sağlamlığı və dayanıqlı ticarətin gücləndirilməsi ilə bağlı nazirlərin bir sıra görüş və ECO-VECO tədbirlərini təşkil edib. Ölkənin ECO-RISCAM-da gələcək iştirakı ticarəti daha da asanlaşdıracaq və regional standartları gücləndirəcək.

Bundan başqa, Azərbaycanda İƏT-in İqtisadi Tədqiqat Mərkəzi yerləşir. Bu mərkəz regional iqtisadi məsələlər üzrə nüfuzlu analitik platforma olan "İqtisadiyyat" jurnalını (ECO Economic Journal) nəşr edir.

Bu layihələrin həyata keçirilməsini davam etdirməklə, institusional mexanizmləri gücləndirməklə və müasir geosiyasi çağırışları səmərəli şəkildə nəzərə almaqla Azərbaycan İƏT çərçivəsində dayanıqlı inkişafın və regional inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər.

- Geoiqtisadi rəqabətin güclənməsi şəraitində beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Orta Dəhliz və Şimal-Cənub marşrutu xüsusi əhəmiyyət daşıyır. İƏT bu təşəbbüsləri dəstəkləmək və üzv dövlətlərin səylərini əlaqələndirmək üçün hansı addımları atır? Onların inkişafını sürətləndirmək üçün birgə investisiya və ya maliyyə mexanizmləri nəzərdən keçirilirmi?

- Geoiqtisadi rəqabətin artması fonunda Orta Dəhliz və Şimal-Cənub dəhlizi kimi nəqliyyat istiqamətlərinin inkişafı regional ticarətin genişləndirilməsi və əlaqəliliyin gücləndirilməsi nöqteyi-nəzərindən kritik əhəmiyyət kəsb edir.

İƏT üzv ölkələr arasında koordinasiyanı təmin etməklə, uyğunlaşdırılmış standartları təşviq etməklə, eləcə də infrastrukturun inkişafı və tranzit prosedurlarının sadələşdirilməsi məsələləri üzrə dialoq platforması yaratmaqla bu təşəbbüslərin həyata keçirilməsinə fəal şəkildə kömək edir.

Praktiki səviyyədə infrastruktur standartlarının uyğunlaşdırılması, texniki və ekspert görüşlərinin təşkili, habelə əsas marşrutların səmərəliliyinin artırılması üzrə pilot layihələrlə bağlı addımlar atılır. Bununla yanaşı, İƏT nəqliyyat dəhlizlərinin tikintisini və modernləşdirilməsini sürətləndirmək üçün regional fondlar, dövlət-özəl tərəfdaşlığı və inkişaf bankları ilə əməkdaşlığı əhatə edən birgə investisiya və maliyyə alətlərinin yaradılması imkanlarını nəzərdən keçirir.

İƏT siyasi koordinasiya, texniki əməkdaşlıq və potensial birgə maliyyələşdirmə vasitəsilə bu dəhlizləri daha rəqabətqabiliyyətli, etibarlı və dayanıqlı etməyə, üzv ölkələrin ticarət inteqrasiyasını və iqtisadi sabitliyini gücləndirməyə çalışır.

- Qarşıdakı illərdə İƏT üçün hansı əsas çağırışlar və imkanlar görürsünüz? Təşkilat iqtisadi inteqrasiya və dayanıqlı inkişaf üçün regional platforma kimi hansı sahələrdə rolunu gücləndirə bilər?

- İƏT regionu ekoloji, texnoloji və sosial-iqtisadi çağırışlarla üzləşir. Onların arasında artan iqlim riskləri, təbii ehtiyatların çatışmazlığı, innovasiyaların qeyri-bərabər tətbiqi və üzv dövlətlərin inteqrasiya proseslərində müxtəlif iştirak səviyyəsi yer alır.

Eyni zamanda, region dayanıqlı transformasiya, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ümumi dayanıqlığın gücləndirilməsi üçün böyük potensiala malikdir.

"ECO Vision 2025" nailiyyətlərinə əsaslanaraq, təşkilat bütün üzv ölkələrdə "yaşıl enerji", iqlimə davamlı kənd təsərrüfatının təşviqi, intellektual texnologiyaların (AI, İKT) tətbiqi və rəqəmsal infrastrukturun inkişafına diqqət yetirməklə öz rolunu gücləndirə bilər.

İƏT Təmiz Enerji Mərkəzi (CECECO), RESCUE, ECO-REM, ECO-RISCAM və ECO-VECO kimi proqram və təşəbbüslər energetika, ekologiya, kənd təsərrüfatı və sənaye standartları sahəsində birgə fəaliyyət üçün yüksək potensial nümayiş etdirir.

Turizm sahəsi də xüsusi diqqətə layiqdir - Azərbaycanın liderliyi və Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi mədəni və tarixi irsə əsaslanan transsərhəd və rəqəmsal turizm təşəbbüslərinin inkişafı üçün imkanlar açır.

İƏT-in gələcək uğuru əsasən üzv dövlətlərin daha fəal iştirakından, sektorlararası əməkdaşlığın gücləndirilməsindən, resursların səmərəli şəkildə səfərbər edilməsindən və qərarların həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsindən asılı olacaq. Bu imkanlardan istifadə edərək, İƏT bütün regionda innovasiyaların, dayanıqlı artımın və birgə iqtisadi inkişafın katalizatoruna çevrilə bilər.

- İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə İran Prezidentinin səsləndirdiyi Regional Süni İntellekt Mərkəzinin yaradılması təşəbbüsünü necə qiymətləndirirsiniz? Süni intellektin hansı sahələrdə tətbiqi region ölkələri üçün daha faydalı ola bilər?

- İranın İƏT çərçivəsində Regional Süni İntellekt Mərkəzinin yaradılması təklifi vaxtında irəli sürülmüş və strateji cəhətdən vacib təşəbbüsdür. O, İƏT-in rəqəmsal infrastrukturun gücləndirilməsinə, texnoloji əməkdaşlığın inkişafına və regionun innovasiya potensialının artırılmasına yönəlmiş uzunmüddətli baxışına tam uyğundur.

Prioritetlər baxımından süni intellektin tətbiqi dörd əsas istiqamətdə çox böyük effekt verə bilər. Birincisi, kənd təsərrüfatı sahəsində - dəqiq əkinçiliyin inkişafı, torpaqların monitorinqi və quraqlıqların proqnozlaşdırılması; ikincisi, nəqliyyat və logistika sahəsində - nəqliyyat dəhlizlərinin idarə edilməsi, marşrutların optimallaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılması; üçüncüsü, enerji sektorunda - enerji sistemlərinin effektivliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inteqrasiyası; dördüncüsü, dövlət xidmətləri sahəsində - rəqəmsal səhiyyə, elektron hökumət və vətəndaşlar üçün intellektual xidmətlər.

Təşəbbüsün həyata keçirilməsi üçün kiçik addımlardan başlamaq məntiqlidir: koordinasiya qrupu yaradılmalı, texniki-iqtisadi əsaslandırma aparılmalı və süni intellektin tətbiqinin dərhal nəticə verə biləcəyi sektorlarda pilot layihələrin başladılması. Bu prosesdə İƏT-in mövcud institutları - Elm Fondu, universitet şəbəkələri və təhsil mərkəzləri təlim və bilik mübadiləsini dəstəkləməklə mühüm rol oynaya bilər.

Üzv dövlətlərin hazırlıq səviyyəsinə gəlincə, Türkiyə, İran, Pakistan və Mərkəzi Asiyanın bir sıra ölkələri artıq süni intellekt və rəqəmsallaşma sahəsində milli strategiyalar həyata keçirir. Digər dövlətlər daha erkən mərhələlərdədir, lakin əməkdaşlıq potensialı mövcuddur. Potensialın artırılması, kadr hazırlığı və birgə pilot layihələrə əsaslanan tədrici yanaşmada regionun əlaqələndirilmiş rəqəmsal transformasiya və texnoloji suverenliyin gücləndirilməsinə zəmin yaratmaq üçün real şansı var.

- Dənizə çıxışı olmayan ölkələr üçün beynəlxalq ticarət marşrutlarına çıxış əsas çağırış olaraq qalır. İƏT belə dövlətlərin dəniz limanlarına daha səmərəli çıxışının təmin edilməsində hansı rolu oynaya bilər? Təşkilat daxilində uğurlu tranzit əməkdaşlığına dair nümunələr varmı?

- Qlobal ticarət marşrutlarına çıxış doğrudan da İƏT üçün əsas çağırışlardan biridir, çünki 10 üzv ölkədən yeddisinin dənizə çıxışı yoxdur. Təşkilat bu problemin aradan qaldırılması istiqamətində fəal işləyir, preferensial tranzit tariflərinin tətbiqinə, rəqəmsal gömrük və logistika platformalarının inkişafına və daxili regionları İran, Pakistan və Türkiyə limanları ilə birləşdirən multimodal dəhlizlərin gücləndirilməsinə kömək edir.

Uğurlu nümunələr arasında İstanbul-Tehran-İslamabad və Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutlarını, eləcə də İƏT-in Tranzit Nəqliyyatı üzrə Çərçivə Sazişini (TTFA) qeyd etmək olar. Bu layihələr sübut etdi ki, regional koordinasiya ticarət və nəqliyyat bağlantısı sahəsində nəzərəçarpan nəticələr verə bilər.

Bununla belə, tarif rejimlərindəki fərqlər, infrastrukturun qeyri-bərabər inkişafı və ölkələrin müxtəlif sənayeləşmə səviyyəsi də daxil olmaqla müəyyən çətinliklər qalmaqdadır. Buna cavab olaraq təşkilat İƏT Ticarət Sazişi (ECOTA), Ticarətin Asanlaşdırılması Strategiyası və tranzit üzrə milli koordinatorlar institutu kimi təşəbbüslər vasitəsilə qaydaların uyğunlaşdırılmasını təşviq edir. Bu mexanizmlər prosedurların sadələşdirilməsi, qeyri-tarif maneələrinin azaldılması və biznes üçün daha proqnozlaşdırıla bilən mühitin yaradılmasına yönəlib.

Gələcəkdə daşımaların və gömrük proseslərinin rəqəmsallaşdırılmasına, TIR sisteminin tətbiqinə, infrastrukturun modernləşdirilməsinə və ixracın şaxələndirilməsi və investisiyaların cəlb edilməsi üçün regional əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək. Bütün bunlar dənizə çıxışı olmayan ölkələrin limanlara daha dayanıqlı və sərfəli çıxış əldə etməsinə imkan verməklə, regional ticarəti, rəqabət qabiliyyətini və iqtisadi inteqrasiyanı gücləndirəcək.

- Qlobal iqlim gündəliyi kontekstində İƏT regionunda aşağı karbonlu nəqliyyat və enerji dəhlizlərinin yaradılması nə dərəcədə realdır? Bu istiqamətdə əməli addımlar atılıbmı?

- İƏT regionu əlverişli coğrafi mövqeyi zəngin bərpa olunan enerji resursları ilə birləşdirməklə aşağı karbonlu nəqliyyat və enerji dəhlizlərinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Mövcud İƏT Nəqliyyat Strategiyası (2026-2035) və Qazaxıstan-Türkmənistan-İran dəmir yolu və "yaşıl yük marşrutları"nın yaradılması kimi pilot təşəbbüslər dayanıqlığın regional əlaqəliliyin inkişafına necə inteqrasiya edilə biləcəyini göstərir.

Enerji sahəsində əsas diqqət "yaşıl enerji" dəhlizlərinin formalaşdırılmasına, şəbəkələrarası əlaqələrin inkişafına və Bakıda İƏT Təmiz Enerji Mərkəzinin (CECECO) işə salınmasına yönəlib. Bu mərkəz bərpa olunan enerji mənbələrinin təşviqi, enerji səmərəliliyinin artırılması və sənayenin dekarbonizasiyası üçün platformaya çevriləcək.

Bundan başqa, "yaşıl investisiya"ları və emissiyaların iqtisadi cəhətdən səmərəli şəkildə azaldılmasını stimullaşdıra biləcək ümumtəşkilati karbon bazarının formalaşdırılması istiqamətində addımlar atılır. İƏT-in üzvü olan bir çox ölkə artıq iqlim dəyişikliyinə uyğunlaşma və fəlakətlərə dayanıqlığın gücləndirilməsi üçün milli tədbirlər həyata keçirsə də, regional əlaqələndirmə səviyyəsi hələ də qeyri-bərabər olaraq qalır - imkanlar, maliyyələşdirmə və idarəetmə yanaşmaları fərqlənir.

Bu kontekstdə İƏT vasitəçi və bilik mübadiləsi üçün platforma rolunu oynayır, ölkələrə iqlim siyasətini razılaşdırmağa, pilot təşəbbüsləri genişləndirməyə və birgə mexanizmlər qurmağa kömək edir. Bu, regionun dayanıqlı, aşağı karbonlu iqtisadiyyata keçidinə və onun iqlim dəyişikliyinə dayanıqlığının gücləndirilməsinə şərait yaradır.

- Bakıda yerləşən ECO-UNIDO Təmiz Enerji Mərkəzinin əsas fəaliyyət istiqamətləri hansılardır? Xüsusilə BOEM texnologiyalarına məhdud çıxışı olan ölkələrdə bu mərkəzin layihələrinin həyata keçirilməsi necə təmin ediləcək?

- Nizamnaməsi 2025-ci il avqustun 26-da qüvvəyə minən ECO-UNIDO Təmiz Enerji Mərkəzi regionda enerji keçidini sürətləndirmək üçün əsas platforma olacaq. Onun fəaliyyəti aşağı karbonlu və iqlim dəyişikliyinə davamlı enerji infrastrukturunun, daha yüksək əlavə dəyərə malik istehsal və xidmətlərin inkişafına kömək etməyə, həmçinin Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsi (GN-SEC) çərçivəsində İƏT ölkələri arasında bilik və texnologiyaların ötürülməsini asanlaşdırmağa xidmət edəcək.

Mərkəz xüsusilə müasir BOEM texnologiyalarına çıxışı məhdud olan ölkələr də daxil olmaqla, üzv ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış praktik layihələrə diqqət yetirəcək. CECECO yerlərdə həllərin tətbiqi üçün texniki yardımın göstərilməsini, mütəxəssislərin hazırlanmasını və investisiyaların səfərbər edilməsini təmin edəcək. Mərkəz investisiyaların səfərbər edilməsi və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq vasitəsilə İƏT məkanında dinamik regional təmiz enerji bazarı üçün zəmin yaradacaq və dayanıqlı sənaye artımına təkan verəcək.

- İƏT-in Rəqəmsal Nəqliyyat-Gömrük orqanının yaradılması təşəbbüsünün məqsədləri nələrdir və onun həyata keçirilməsi hansı mərhələdədir?

- Özbəkistan Prezidentinin İƏT-in 17-ci Zirvə görüşündə təklif etdiyi təşəbbüs transsərhəd daşımaların rəqəmsallaşdırılmasına və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlib. Ticarət və logistika sahəsində kağızsız sənəd dövriyyəsini təmin edəcək, gecikmələri azaldacaq və şəffaflığı artıracaq mərkəzləşdirilmiş platformanın yaradılması nəzərdə tutulur.

İƏT Özbəkistan tərəfi ilə birlikdə əməliyyat və texniki detalların, məlumat mübadiləsi protokollarının və mövcud nəqliyyat dəhlizləri ilə inteqrasiyanın müzakirə ediləcəyi ekspert görüşü hazırlayır.

Bu layihə 2026-2035-ci illər üçün İƏT-in Nəqliyyat Strategiyasının məqsədlərini və regional dəhlizlərin inkişafı üzrə digər təşəbbüsləri tamamlamaqla regionda tranzit və ticarətin rəqəmsal transformasiyasının əsas elementi ola bilər.

- İƏT ölkələri üçün vahid enerji strategiyasının işlənib hazırlanması nə dərəcədə aktualdır? Bu strategiya hansı əsas istiqamətləri əhatə etməlidir və enerji sahəsində maraqları üst-üstə düşməyən ölkələrin mövqeləri necə uzlaşır?

- Vahid enerji strategiyası üzərində artıq iş aparılır. 2021-ci ilin iyun ayında nazirlərin enerji üzrə 4-cü görüşündə təsdiqlənmiş 2030-cu ilədək İƏT-in Enerji Strategiyası regional əməkdaşlıq üçün aydın çərçivə müəyyən edir. O, dayanıqlı enerji keçidinə, regional elektrik enerjisi bazarlarının yaradılmasına, enerji təhlükəsizliyinin artırılmasına və investisiyaların cəlb edilməsinə fokuslanır.

Əsas elementlərə milli və regional maraqlar balanslaşdırılmaqla bazarların sinxronlaşdırılması, birgə investisiyalar və infrastrukturun inkişafı daxildir. İxracatçıların və idxalçıların mövqelərinin uzlaşdırılması üçün nazir və ekspertlərin dialoqları, layihələrin birgə qiymətləndirilməsi və strateji məqsədlərin milli inkişaf planlarına inteqrasiyasından istifadə olunur. Strategiyanın uğuru üzv ölkələrin onun müddəalarını fəal şəkildə tətbiq etməyə, boşluqları aradan qaldırmağa və konkret şərtləri nəzərə alaraq regional əməkdaşlıq məkanını genişləndirməyə hazırlıq səviyyəsindən asılıdır.

- Özbəkistan bu yaxınlarda Daşkənddə İƏT ölkələrinin ticarət nazirlərinin görüşünün keçirilməsini təklif edib. Bu təklif qəbul edilibmi? Əgər edilibsə, iclasın nə vaxt keçirilməsi planlaşdırılır?

- İƏT Katibliyi Özbəkistanın təşkilatın 17-ci Zirvə görüşündə irəli sürdüyü təşəbbüsü alqışlayır. Daha əvvəl Türkiyə İƏT-in ticarət nazirlərinin 5-ci iclasının 2025-ci il iyunun 25-də İstanbulda keçirilməsini təklif etmişdi, lakin regional vəziyyətin dəyişməsi ilə əlaqədar görüş noyabrın 26-na təyin edilib.

Ümid edirik ki, Özbəkistanın təklifi də üzv ölkələr tərəfindən dəstəklənəcək və Daşkənddə nazirlərin yeni görüşünün əsasını qoyacaq. Bu görüş isə öz növbəsində, regionda iqtisadi-ticari əməkdaşlığın dərinləşməsinə əlavə təkan verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti