Energetika naziri: “Azərbaycanın bəzi qaz müqavilələri üzrə qiymətlər yüksəlir”
- 10 noyabr, 2021
- 11:16
Yeniliklərdən dərhal xəbərdar olun!
"Təbii qazın qiyməti Avropa bazarında çox yüksəkdir. Biz də bu istiqamətdə hazırda qazımızı satırıq".
Bunu “Report”a energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan qazının ixracı ilə bağlı müxtəlif müqavilələrimiz var. Bu müqavilələrdən bəziləri üzrə qiymətlər həqiqətən də çox yüksəlib. Sözsüz ki, bunun Azərbaycan üçün bəhrəsi var. Ancaq düşünürük ki, qaz bazarında da daha uzunmüddətli sabit qiymətlər olarsa, bu bizim və dünya iqtisadiyyatı üçün də yaxşı olacaq”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Gürcüstana, Türkiyəyə, İtaliyaya, Yunanıstana və Bolqarıstana qaz ixrac edir. Bu ilin on ayında Azərbaycan Cənub Qaz Dəhlizi ilə sözügedən ölkələrə 15 milyard kubmetrə yaxın qaz nəql edib.
Bu ilin 9 ayda ölkədən İtaliyaya dəyəri 1 milyard 267,9 milyon ABŞ dolları olmaqla 3 milyard 995,4 milyon kubmetr, Yunanıstana 163,7 milyon ABŞ dollarlıq 501,7 milyon kubmetr, Bolqarıstana isə 25,5 milyon ABŞ dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib. Hesabat dövründə Türkiyəyə 1 milyard 206,7 milyon ABŞ dollarlıq 7 milyard 832,9 milyon kubmetr, Gürcüstana 280,9 milyon ABŞ dollarlıq 2 milyard 261,5 milyon kubmetr qaz ixrac olunub.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 14,93 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Hesabata əsasən, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,95 milyard ABŞ dollara yaxın olub.
Bununla yanaşı, oktyabrda Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər qüvvədə olacaq təbii qaza dair yeni razılaşma əldə olunub. Bakı – Tbilisi – Ərzurum xətti ilə Türkiyə əlavə 11 milyard kubmetr qaz alacaq.
Xatırladaq ki, 2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.
Beşillik müqaviləyə uyğun olaraq, birinci mərhələdə Türkiyəyə çatdırılacaq qazın ümumi həcmi 1,6 milyard kubmetr təşkil edəcək. Növbəti illərdə isə 2,4 milyard kubmetr, 2023-cü ildə 3,5 milyard kubmetr, 2024-cü ildə isə (müqavilənin bitmə tarixində) 3,5 milyard kubmetr təbii qaz göndəriləcək.
Azərbaycan qazı Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql edilir.
Bakı-Tbilisi-Ərzurum boru xətti - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinə satışına gəlincə isə, 2021-ci ildə Avropaya ixracın həcmi 8 milyard kubmetrə çata bilər. Halbuki, 5-6 milyard kubmetr qazın ixracı proqnozlaşdırılırdı. “Şahdəniz-2”dən hasil edilən qaz (hasilatın ümumi həcminin pik həddi ildə 16 milyard kubmetr təşkil edə bilər) İtaliyanın “Edison” (2017-ci ildə bu hüquqları "Gas Natural Fenosa"dan alıb). ), “Shell”, “Bulgargaz”, “DEPA” , “Gaz de France”, “Hera”, “Enel”, “Axpo” və “Eni” şirkətlərinə göndərilir.
2022-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ ölkələrinə qaz tədarükü ildə 10 milyard kubmetrə çata bilər ki, bunun da 8 milyarddan çoxu İtaliyaya, qalan hissəsi Yunanıstan və Bolqarıstana yönəldilib. Azərbaycan Gürcüstana ildə təxminən 1,5-2 milyard kubmetr həcmində təbii qaz satır. İldə 400 milyon kubmetrədək qaz İranla svop əməliyyatları vasitəsilə Naxçıvan Muxtar Respublikasına göndərilir.
Qeyd edək ki, 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün Trans-Adriatik Boru Kəməri (TAP) vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.