Elnur Məmmədov: "Xammal bazarlarında daha çox sabitliyin olmasında maraqlıyıq"
- 08 oktyabr, 2026
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan xammal bazarlarında daha çox sabitlikdə, həmçinin Rusiya-Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki vəziyyətin tezliklə nizamlanmasında maraqlıdır.
Report xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniyanın "20 Minutos" nəşrinə müsahibəsində bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan Rusiya və Ukrayna arasındakı münaqişənin, həmçinin Yaxın Şərqdə, Hörmüz boğazı ətrafındakı qeyri-sabitliyin bəzi təsirlərini hiss edir: "Buna baxmayaraq, boğazdakı vəziyyət Avropaya tədarüklərin həyata keçirildiyi Azərbaycanın qaz və neft kəmərlərinə birbaşa təsir göstərmir".
E.Məmmədov vurğulayıb ki, bu proseslər regionun istənilən ölkəsində narahatlıq doğurur: "Azərbaycan bazarlarda daha çox sabitliyin olmasında və münaqişələrin tezliklə nizamlanmasında maraqlıdır. Lakin coğrafi baxımdan Hörmüz boğazındakı vəziyyət bizim qaz və neft kəmərlərimizə birbaşa təsir göstərmir, çünki onlar Gürcüstan və Türkiyə vasitəsilə Xəzər dənizindən, daha sonra isə Avropaya keçir".
O, Azərbaycanın 2011-ci ildə inkişafına təkan verdiyi Cənubi Qafqaz dəhlizini nümunə göstərib. Nazir müavininin sözlərinə görə, o zaman Rusiya tədarükləri səbəbindən bu marşruta tələbat olacağına çox az inanılırdı, lakin zamanla Azərbaycan tərəfinin haqlı olduğu təsdiqlənib.
E.Məmmədov deyib ki, hazırda Avropada Azərbaycan qazına yüksək tələbat var: "Azərbaycan onu boru kəmərləri vasitəsilə 16 ölkəyə, o cümlədən 8-i Avropa İttifaqının üzvü olan 10 Avropa ölkəsinə tədarük edir".
Nazir müavini əlavə edib ki, Azərbaycan xam neft və təbii qazın fasiləsiz tədarükünü təmin edir: "Paralel olaraq, ölkə Azərbaycanda və Mərkəzi Asiyada bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı üçün "yaşıl enerji" dəhlizləri üzərində işləyir".