Elnur Məmmədli: "Azərkimya"da təmir-tikinti işlərinə gələn ildən başlanılacaq
- 16 sentyabr, 2026
- 11:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərkimya" İstehsalat Birliyində cihazlaşdırma və avtomatlaşdırma layihəsi çərçivəsində fiziki quraşdırma və təmir-tikinti işlərinə gələn ildən başlanılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə "Azərkimya" İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı bildirib.
Onun sözlərinə görə, layihənin mühəndislik, yəni layihələndirmə mərhələsi hazırda 98 % tamamlanıb: "Növbəti ildən etibarən sahədə fiziki quraşdırma və təmir-tikinti işlərinə başlanılacaq. Layihə tam başa çatdıqdan sonra zavodun idarəetmə sistemləri tam avtomatlaşdırılacaq, əməliyyatların təhlükəsizliyi və etibarlılığı daha da yüksəldiləcək".
Baş direktor qeyd edib ki, "Azərkimya" Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə "SOCAR Polymer" arasında mühüm əlaqələndirici halqa rolunu oynayır.
Onun sözlərinə görə, "Azərkimya" BNEZ-dən daxil olan yüngül fraksiyaları emal edir və "SOCAR Polymer" üçün etilen və propilen xammalı təmin edir.
E.Məmmədli bildirib ki, əvvəl hər il həyata keçirilən əsaslı təmir işlərinin intervalı texniki təkmilləşdirmələr nəticəsində iki ildə bir dəfəyə qədər uzadılıb: "Bununla da təmir işlərinə sərf olunan maliyyə vəsaitinin əhəmiyyətli dərəcədə azaldılması mümkün olub".