Ekspert: “Rusiya və Azərbaycan dünya neft bazarının sabitləşməsinə töhfə verib”

Energetika
  • 19 may, 2020
  • 09:28
Ekspert: “Rusiya və Azərbaycan dünya neft bazarının sabitləşməsinə töhfə verib”

“Dünən “Brent” markalı neftin qiyməti 35 ABŞ dollarını keçdi, ABŞ-nin WTI markalı neftinin fyuçersləri 33 ABŞ dolları həddini aşdı, Rusiyanın URALS markalı nefti isə 30 dolları keçdi. Sonuncu dəfə göstərilən markalı neftlərin qiyməti aprelin əvvəlində (Brent) və martın ortalarında (WTI, Urals) belə səviyyədə olub. Ötən həftənin nəticələrinə əsasən, “Azeri Light” markalı neft də özünü inamlı hiss edir, onun orta qiymət bir barrel üçün 31 ABŞ dollarından yüksəkdir”.

Bu sözlərin “Report”un Rusiya bürosunun müxbirinə yanacaq-energetika kompleksi üzrə ekspert, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Energetika Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev deyib.

“Fikrimizcə, bazarda bu cür əhval-ruhiyyənin olması neft bazarının öncüllərinin hasilatı real şəkildə azaltması, Çində tələbatın artması, həmçinin neft idxal edən ölkələrdə karantin məhdudiyyətlərinin yüngülləşdirilməsi ilə əlaqədardır. Aparıcı neft hasil edən ölkələr istehsalın azalma tempini sürətləndirdi. Qeyd edim ki, Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ iyunda OPEC+ sazişi üzrə götürdükləri öhdəliklərdən daha çox hasilatı azaldacaq”, - o bildirib.

İ.Quliyev qeyd edib ki, Rusiya və Azərbaycan da mayın 1-dən neft hasilatını azaltmağa başlayıblar: “Bununla ölkələrimiz dünya bazarında vəziyyətin sabitləşməsinə öz töhfələrini verdilər. Hazırkı şəraitdə neft bazarında tarazlığa dərhal nail olmaq mümkün deyil. İndi tələbatın azalmasını tam kompensasiya etmək üçün hasilatın azalması neft hasil edən ölkələrin razılığına görə mümkünsüzdür. Bu ölkələrin birgə səyləri izafi təklifin pikini geridə qoymağa və neft ehtiyatlarını azaltmağa imkan verə bilər”.

Ekspertin proqnozlarına görə, OPEC+ iştirakçıları bazar vəziyyətini sabitləşdirmək üçün əlavə tədbirlər görəcəklər: “OPEC neft bazarını dəfələrlə tarazlamağı bacarıb, lakin bu dəfə vəziyyət həm də dünya iqtisadiyyatının durumu ilə gərginləşir. İstisna deyil ki, bir sıra ölkələrin könüllü şəkildə öhdəliklərindən daha çox azaltmaya razı olması iyunun 9-10-da keçirilməsi planlaşdırılan növbəti OPEC+ iclasında sazişin şərtlərinin sərtləşdirilməsinə çağırış olacaq”.

“Xatırladıram ki, Azərbaycan OPEC+ öhdəlikləri çərçivəsində "qara qızıl” hasilatını mayın 1-dən iyulun 1-dək gündəlik 164 min barel (2018-ci ilin oktyabr səviyyəsindən) azaltmağı planlaşdırır, gündəlik hasilatın həcmi isə 554 min barel olacaq. Mövcud razılaşmalara görə, kvotalar iyul ayından yumşaldılacaq: gündəlik hasilat ilin sonuna qədər 587 min barelə, 2021-ci ildən 2022-ci ilin aprelinə qədər isə 620 min barelə çata bilər”, - İ.Quliyev vurğulayıb.