Əfqan İsayev: "Şəbəkəyə dəyişkən enerji mənbələrinin inteqrasiyası üçün tədqiqat aparılır"
- 07 sentyabr, 2026
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şəbəkəyə daha çox dəyişkən enerji mənbəyi inteqrasiya etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-da (BCAW 2026)" çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Energetika Nazirliyi ötürücü sistem operatoru və şəbəkə operatoru ilə birlikdə şəbəkənin yeni qiymətləndirilməsi üzrə tədqiqat üzərində işləyir: "Onlar şəbəkənin imkanlarını necə genişləndirə biləcəklərini anlamaq və daha çox dəyişkən enerji mənbəyini şəbəkəyə inteqrasiya etmək üçün ciddi çalışırlar. Bu, SOCAR-ın hədəfinə çatmaq üçün çox vacibdir. Həmin hədəf isə 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaqdır".
Ə. İsayev bildirib ki, SOCAR ölkənin ən böyük enerji istehlakçısı olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə enerji səmərəliliyi layihələri üzərində işləyir: "Həmçinin onların "Scope 2" emissiyalarının bərpa olunan enerji mənbələrinə keçirilməsi istiqamətində iş aparırıq. Ümid edirəm ki, SOCAR və tərəfdaşlarla birlikdə yaxın 2-3 il ərzində yeni və uğurla icra olunmuş layihələr haqqında məlumat veriləcək".