EBRD Enerji Effektivliyi Fonduna maliyyə dəstəyi vermək istəyir
- 02 iyun, 2026
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla Enerji Effektivliyi Fonduna maliyyələşdirmə ilə necə töhfə verə biləcəyini müzakirə etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Bankın Türkiyə və Qafqazda enerji məsələləri üzrə regional rəhbəri David Manaqadze 31-ci Bakı Enerji Forumunda bildirib.
O qeyd edib ki, EBRD həmçinin texniki yardım göstərməklə və maliyyəyə çıxışı artırmaqla da kömək edə bilər: "Yerli maliyyə institutları vasitəsilə maliyyələşdirmə təmin etməkdən məmnun olarıq. Dövlətin fond yaratdığını eşitmək bizi sevindirir. Fonda maliyyələşdirmə ilə necə töhfə verə biləcəyimizi, onun daha çox layihəyə əlçatan olması isə vəsaitlərinin məbləğini necə artıra biləcəyimizi müzakirə edə bilərik. Bu kimi tədbirlər çox yaxşı və çox vacibdir, çünki onlar inam yaradır və iştirakçıları bir araya gətirir. Lakin yenicə qeyd olunan faydaları əldə etmək üçün tənzimləyici tədbirlər və maliyyəyə çıxışın artırılması baxımından əlavə addımlar tələb olunur".
Digər ölkələrdəki təcrübələrindən danışan bank rəsmisi enerji səmərəliliyini texniki konsepsiyadan maliyyələşdirilə bilən investisiya imkanına çevirmək üçün üç ilkin şərtin tələb olunduğunu bildirib: "Tənzimləmələr, tənzimləyici çərçivə, maliyyəyə çıxış və güclü layihə portfeli. Bu gün görürük ki, tənzimləyici çərçivə və maliyyəyə çıxış baxımından bəzi addımlar atılır, lakin hələ başlanğıc mərhələsindədir. Tələb olunduğunu gördüyümüz şey bəlkə bir növ standart müqavilələr, satınalma qaydaları, ölçmə və yoxlama metodologiyaları və risklərin bölüşdürülməsi mexanizmləridir. Bunlar oyunun qaydalarını hamı üçün şəffaf edəcək və marağı konkret layihələrə çevirəcək".