Neft kəskin ucuzlaşıb - YENİLƏNİB
- 02 iyun, 2022
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC+ alyansının sazişlə bağlı qərarlarının gözlənildiyi bir zamanda dünya bazarlarında neftin ucuzlaşması 2,7%-dək sürətlənib.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 2,71% ucuzlaşaraq 1 bareli 113,14 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 2,75% düşərək 1 bareli 112,09 ABŞ dolları təşkil edib.
Neft bazarlarına təsir edə biləcək həftənin əsas hadisəsi bu gün keçiriləcək OPEC+ iclasıdır. Alyans üzvləri gündəlik hasilatı əvvəlki kimi – 432 min barel səviyyəsində saxlayıb-saxlamamaq barədə qərar qəbul etməlidir.
Treyderlər OPEC+ alyansının Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda neft hasilatının təxminən 1 milyon barel azalmasını kompensasiya etmək üzərində işlədikləri barədə xəbərləri qiymətləndirirlər.
11:05
Səudiyyə Ərəbistanının hasilatı artırması ehtimalı fonunda dünya bazarlarında neftin qiyməti 1,5%-dən çox düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,55% ucuzlaşaraq 1 bareli 114,49 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,7% düşərək 1 bareli 113,3 ABŞ dolları təşkil edib.
“Financial Times” nəşri yazır ki, Qərbin sanksiyaları fonunda Rusiyada hasilat əhəmiyyətli dərəcədə azalarsa Səudiyyə Ərəbistanı neft istehsalını artırmağa hazırdır.
Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etməsi belə ucuzlaşmanın qarşısını ala bilməyib. Belə ki, API-nin məlumatına əsasən mayın 27-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 1,2 milyon barel azalıb.
ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1,4 milyon barel azalacağını güman edirlər.