Dünya bazarında təbii qazın ardınca neft də ucuzlaşıb
- 07 oktyabr, 2021
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya bazarında təbii qızın qiymətinin azalmasının ardınca neft də ucuzlaşıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:57-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,46% ucuzlaşaraq, 1 bareli 80,71 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti də 1,06% azalıb və 1 bareli 76,61 ABŞ dolları təşkil edib.
Təbii qazın qiymətinin ucuzlaşmasının təsiri altında neft bazarında mənfi dinamika müşahidə olunur.
ABŞ-ın energetika naziri Cennifer Qrenholm bəyan edib ki, ABŞ benzin qiymətlərinin artımına yol verməmək üçün xam neftin strateji ehtiyatlarından istifadə edə bilər. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin ölkənin dünyanın enerji bazarını sabitləşdirmək üçün işləməyə hazır olmasını bəyan etməsi də təbii qazın qiymətinin ucuzlaşmasına təsirsiz ötüşməyib.
İnvestorlar Amerika Neft İnstitutunun (API) ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatları qiymətləndirirlər. Belə ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatlarının 2,3 milyon barel və ya 0,6% artaraq 420,9 milyon barelə çatması da “qara qızıl”ın qiymətləri üzərində təzyiq yaradıb. Analitiklər isə ehtiyatların 0,4 milyon barel azalacağını güman edirdilər.