Dünya Bankı Azərbaycanın neft sektorunun 2050-ci ildə ÜDM-in 10 %-ini təşkil edəcəyini proqnozlaşdırır

Energetika
  • 25 oktyabr, 2022
  • 14:04
Dünya Bankı Azərbaycanın neft sektorunun 2050-ci ildə ÜDM-in 10 %-ini təşkil edəcəyini proqnozlaşdırır

Azərbaycanın neft sektorunun 2050-ci ildə ÜDM-in cəmi 10 %-ini təşkil edəcəyi proqnozlaşdırılır, halbuki bu rəqəm 2020-ci ildə 29,5 % idi.

Bu barədə “Report” Dünya Bankının hesabatına əsasən xəbər verir.

“Neft sektorunda hasilatın əhəmiyyətli dərəcədə aşağı düşəcəyi proqnozlaşdırılır. Yataqlar köhnəldikcə, mövcud yataqlardan hasilatın azalması gözlənilir və bunu kompensasiya etmək üçün yeni hasilata investisiya tələb olunacaq. 2019-cu ildə “Rystad Energy” hesablamışdır ki, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində planlaşdırılan kəşfiyyat layihələri növbəti onillikdə Azərbaycanın çıxarılması mümkün olan ehtiyatlarını 4,4 milyard barel artırmaq potensialına malikdir.

Bununla belə, COVID-19 pandemiyası mövcud layihələrin ləngiməsinə, eləcə də neft investisiyalarının kəskin azalmasına səbəb olub ki, bu da çox güman ki, bu gözləntiyə mənfi təsir göstərəcək. Bundan əlavə, qlobal enerji keçidi nəticəsində neftə olan tələbat artımının zəifləyəcəyi ilə bağlı gözləntilər böyük struktur maneəyə çevrilir. Mövcud quyuların təbii azalmalarını əvəz etmək üçün hələ də qlobal miqyasda yeni neft layihələrinə sərmayə qoyuluşu tələb olunsa da, istənilən gələcək addımlar daha aşağı neft qiymətləri ilə bağlı ehtimallara söykənəcək və uzunmüddətli perspektivdə neftə tələbatın tədricən azalacağını fərziyyəsini əhəmiyyətli şəkildə nəzərə alacaq”, - hesabatda deyilir.

Dünya Bankı hesab edir ki, ucuz karbohidrogenlərin bolluğuna görə Azərbaycanın daxili enerji istehlakı digər ölkələrə nisbətən daha çox karbohidrogen mənşəli yanacaqdan asılıdır: “Azərbaycanın daxili enerji istehlakının 97,5 %-ini karbohidrogen mənşəli yanacaqlar, o cümlədən təxminən üçdə ikisini təbii qaz, üçdə birini isə neft məhsulları təmin edir. Bərpa olunan mənbələrinin enerji istehlakında payı isə cəmi 2,5 %-dir.

Qazaxıstan, Türkmənistan və Özbəkistan da eyni şəkildə karbohidrogen mənşəli yanacaqlardan asılıdır. Öz növbəsində, kömür Qazaxıstanda daxili enerji istehlakının daha böyük hissəsini qarşılayır. Rusiya və xüsusən də Ukraynanın ümumi enerji istehlakında karbohidrogen mənşəli yanacaqların payı daha azdır. Bu, qismən bərpa olunan enerji mənbələrinin daha yüksək xüsusi çəkisi, eləcə də nüvə enerjisinin ümumi enerji istehlakının böyük bir hissəsini təşkil etməsi ilə əlaqədardır. Avropa İttifaqında enerji istehlakının təxminən dörddə üçünü karbohidrogen mənşəli yanacaqlar, 15 %-ini bərpa olunan mənbələr, 11 %-ini isə nüvə enerjisi təşkil edir”.

Dünya Bankı hesab edir ki, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olaraq qalacaq, ona görə də qlobal enerji bazarlarındakı volatilliyin xərclərin volatilliyi və ya həddindən artıq istiləşmə zamanı artan kreditlər və qiymətlər vasitəsilə iqtisadiyyata ötürülməməsi vacibdir. Başqa sözlə, bankın iqtisadçılarının fikrincə, Azərbaycan keçmişdə iqtisadi artımı səciyyələndirən “bum-enmə” tsikllərindən qaçmalı olacaq.