Dünya Bankı Azərbaycanda BOEM sahəsində 250 milyon ABŞ dolları məbləğində layihə hazırlayır

Energetika
  • 21 may, 2024
  • 12:19
Dünya Bankı Azərbaycanda BOEM sahəsində 250 milyon ABŞ dolları məbləğində layihə hazırlayır

Dünya Bankı Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsinin işlənib hazırlanmasına başlayıb və ilkin hesablamalara görə, onun ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edəcək.

“Report” Dünya Bankına istinadən xəbər verir ki, layihənin qiymətləndirilməsi iyulun 16-da, bankın Direktorlar Şurasında təsdiqlənməsi isə oktyabrın 31-də planlaşdırılır.

Məlumata görə, “Azərenerji” ASC Azərbaycan hökumətinin 1,9 GVt hədəfinə çatmaq üçün 2027-ci ilə qədər 1 QVt-a qədər günəş və külək enerjisini inteqrasiya etmək üçün ikimərhələli yanaşma hazırlayıb. Birinci mərhələdə Dünya Bankı Neftçala rayonunda (315 MVt gücündə) və Biləsuvarda (445 MVt gücündə) ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının elektrik şəbəkəsinə inteqrasiyası üçün ötürücü infrastrukturu maliyyələşdiriləcək. Buna paralel olaraq, “Azərenerji” növbəti 10 il ərzində planlaşdırılan dəyişən bərpa olunan enerjinin inteqrasiyası üçün sistemin istismarını və nəzarətini təkmilləşdirəcək. Buraya SCADA, idarəetmə sistemləri və akkumulyator batareyalarının təkmilləşdirilməsinə dair investisiyalar daxildir.

Paralel layihə çərçivəsində ardıcıl olaraq hazırlanacaq ikinci mərhələdə isə 330 kV-luq şəbəkənin gücləndirilməsinə və 240 MVt-lıq “Qobustan” külək stansiyasının texnoloji birləşdirilməsinə diqqət yetiriləcək. Təklif olunan Dünya Bankının layihəsi dörd komponent üzrə işlərin həyata keçirilməsi üçün investisiyaların daxil olacağı birinci mərhələni maliyyələşdirəcək.

Birinci komponentlə bərpa olunan enerjinin ötürülməsi infrastrukturunun yaradılması planlaşdırılır. Belə ki, bununla Hacıqabulda 2x500 meqavat/amper (MVA) gücündə yeni 500/330/10 kV-lıq “Navahı” yarımstansiyasının tikintisi, “Abşeron” yarımstansiyasında 500 kV-luq özəyin və “Azərbaycan İES”-nın yarımstansiyasında 500 kV-luq özəyin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin “Navahı” yarımstansiyasını mövcud “Abşeron” yarımstansiyası ilə birləşdirəcək 500 kV gərginlikli günəş elektrik stansiyasının 65 km uzunluğunda hava xəttinin çəkilməsi, Azərbaycan İstilik Elektrik Stansiyasını “Navahı” yarımstansiyası ilə birləşdirəcək 235 km uzunluğunda 500 kV-luq birhalqalı hava xəttinin, Biləsuvar SES-dən “Navahı” yarımstansiyasına qədər 90 km uzunluğunda 330 kV-luq ikihalqalı hava xəttinin çəkilməsi nəzərdə tutulur.

İkinci komponent çərçivəsində isə sistemin işinin və dəyişən bərpa olunan enerjinin inteqrasiyasına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu çərçivədə 50 MVt/25 MVt/s gücündə Batareya Enerji Saxlama Sistemi (BESS) idarəetmə blokunun və BESS/SCADA-nın idarə edilməsi üçün idarəetmə modulunun yaradılması, mərkəzi idarəetmə mərkəzində SCADA-nın modernləşdirilməsi, yeni proqram təminatının alınması və quraşdırılması planlaşdırılır.

Üçüncü komponent çərçivəsində isə layihənin icrasına dəstək nəzərdə tutulub. Bu, əsas maraqlı tərəflərin işçi heyəti üçün bərpa olunan enerjinin genişləndirilməsi və tənzimlənməsi üzrə potensialın yaradılması və təlimini, həmçinin həyata keçirilməsinə dəstək, texniki araşdırmalar və məsləhət xidmətlərini əhatə edəcək.

Dördüncü komponent (şərti fövqəladə hallara cavab komponenti) isə böhran və ya fövqəladə hallar zamanı maliyyənin sürətlə yenidən bölüşdürülməsinə imkan verəcək.