Dünya Bankı Aİ-nin karbon vergisinin Azərbaycandan ixraca təsirini azaltmağın yollarını açıqlayıb

Energetika
  • 15 iyul, 2022
  • 13:54
Dünya Bankı Aİ-nin karbon vergisinin Azərbaycandan ixraca təsirini azaltmağın yollarını açıqlayıb

"Azərbaycandan Avropa İttifaqına neft ixracı ortamüddətli dövrdə azalacaq, çünki Aİ öz Milli səviyyədə Müəyyənləşdirilmiş Töhfələrə (NDC) uyğun olaraq karbon emissiyalarını azaltmağa davam edir. Bu da Azərbaycandan həm neft, həm də qaz ixracına təsir göstərəcək".

"Report" xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun (DB) apardığı 2022-ci il üçün Azərbaycanda Sistematik Ölkə Diaqnostikası (SCD) hesabatında deyilir.

“Hesablamalar göstərir ki, 2035-ci ilə qədər Azərbaycandan Aİ-yə neft ixracı 2,5 milyard ABŞ dolları azala bilər. Sərhəd tədbirləri nəhayət, karbon sərhədinin tənzimlənməsi mexanizminin ikinci mərhələsi çərçivəsində (genişlənmiş karbon sərhədinin tənzimlənməsi mexanizmi) neft məhsullarını əhatə edəcək şəkildə genişləndirilərsə, o zaman 2030-cu ildə qeyri-karbohidrogen sektorlarından Aİ-yə ixrac gəlirləri 200 milyon ABŞ dolları azaldıla bilər.

Bundan əlavə, orta və uzunmüddətli perspektivdə faydalı qazıntı yanacaqlara investisiyalar getdikcə etibarsız aktivlərə çevriləcək”, - araşdırmada deyilir.

Dünya Bankı qeyd edir ki, Azərbaycanda karbohidrogen sektoru vasitəsilə şaxələndirməyə başlanılıb, lakin diversifikasiyanın bütün faydaları yalnız uzunmüddətli perspektivdə görünəcək və onların karbohidrogen sektoru ilə müqayisə oluna bilən miqyasa çatdırılması vaxt və resurslar tələb edəcək.

“Lakin beynəlxalq təcrübə göstərir ki, aktivlərin diversifikasiyası və iqlim siyasətinin birləşməsi sərhədlərin tənzimlənməsi və neft-qaz gəlirlərinin azalması nəticəsində yaranan qısamüddətli itkiləri kompensasiya edə bilər. Bundan əlavə, Azərbaycan emissiyalarının izini azaltmaq üçün milli iqlim siyasətini və karbonun azaldılması tədbirlərini tətbiq etsə, qısa müddətdə sərhəd tədbirlərinin təsiri azaldıla bilər. İnvestisiya və siyasi islahatlar arasında vaxt müddətini və onların iqtisadi artıma təsirini nəzərə alaraq, keçid dövrünün dəstəklənməsi siyasəti indi həyata keçirilməlidir”, - deyə Dünya Bankı qeyd edir.

Bank vurğulayıb ki, 2023-cü ildə işə düşməsi və 2026-cı ilədək tam qüvvəyə minməsi gözlənilən karbon sərhədinin tənzimlənməsi mexanizmi kimi tanınan Aİ sərhədində karbon ticarəti maneələri Azərbaycanın qeyri-neft ixracını əhəmiyyətli dərəcədə azalda bilər.

“Yaşıl iqtisadiyyat”a keçidlə bağlı potensial qısamüddətli itkiləri yumşaltmaq üçün hökumət və maraqlı tərəflər istixana qazı emissiyaları hədəfinə çatmaq üçün səyləri gücləndirməlidir. Əhəmiyyətli irəliləyiş əldə edilmişdir. 2016-cı ilin oktyabrında Azərbaycan parlamenti 1990-cı ilin baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35 % azaltmaq öhdəliyi ilə Paris Sazişini ratifikasiya edib. Bundan əlavə, Qlazqoda keçirilən COP26 konfransında hökumət könüllü öhdəlik kimi 2050-ci ilə qədər emissiyaları 40 % azaltmaq və münaqişədən sonrakı ərazilərdə “Xalis Sıfır Emissiyalar” zonası yaratmaq barədə yeni öhdəlik götürüb. Energetika Nazirliyinin təqdim etdiyi hesablamalara görə, Azərbaycan 2016-cı ildə 1990-cı ilin ilkin göstəricisi ilə müqayisədə istixana qazı emissiyalarını 32 % azaldıb”, - hesabatda deyilir.

Bununla belə, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 % azaldılması kimi yüksək hədəfi nəzərə alaraq, Dünya Bankı hesab edir ki, hökumətin məqsədə doğru irəliləyişlərə nəzarət etməsi və bütün sektorların istixana qazlarının azaldılmasının sürətləndirilməsinə yönəlmiş siyasətlərə uyğunluğunu təmin etməsi vacibdir.

"İstixana qazlarının emissiyası hədəfinə nail olmaq üçün kritik ola biləcək sektorlara investisiyaları səfərbər edən və riskləri idarə edən maliyyə sektoru tərəfindən dəstəklənən enerji, nəqliyyat və rəqəmsal inkişaf daxildir. Dünya Bankı hesab edir ki, "yaşıl" iqtisadiyyata keçid həm də Azərbaycanda sektor artımı üçün yeni imkanlar yarada bilər", - araşdırmada deyilir.

Qeyd edək ki, Avropa Komissiyası karbon vergisi də adlandırılan Karbon Sərhədinin Tənzimlənməsi Mexanizminin (CBAM) təfərrüatlarını əks etdirən təkliflər paketini təqdim edib. Əslində, karbon vergisi enerji, ağır sənaye və kommersiya aviasiyası kimi sənayelərdə iştirak edən Avropa İittifaqı şirkətləri üçün fəaliyyət göstərən Emissiya Ticarət Sisteminin (ETS) analoquna çevriləcək. Bu, Aİ ölkələrinə karbon izi müəyyən edilmiş dəyərlərdən çox olan məhsulların idxalı üçün rüsumların yığılmasını nəzərdə tutur. İdxalçılar xüsusi sertifikatlar almalı olacaqlar ki, bu sertifikatlar daha sonra bu cür məhsulları idxal etmək hüququ ilə dəyişdirilə bilər.

14 iyul 2021-ci ildə verilən təkliflər paketi 2030-cu ilə qədər Aİ karbon emissiyalarını 55 % azaltmağı və 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyən Avropa Yaşıl Sazişinin ((European Green Deal) bir hissəsidir.