Covanni Kristofoli: "Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər"
- 25 noyabr, 2025
- 13:31
Xəzər regionu gələcək onilliklər ərzində daha geniş bir coğrafiya üçün qlobal enerji habına çevrilməlidir.
"Report"un məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən "Xəzər Texniki Konfransı SPE-2025"də bildirib.
"Bu, uzunmüddətli baxış və missiyadır. Niyə belə deyirəm? Reallıq budur ki, dünyaya karbohidrogenlər lazımdır. BP bu yaxınlarda "Energy Outlook"u dərc edib. Əgər qlobal tələbatın cari trayektoriyasına baxsaq, 2050-ci ilə qədər dünyaya bu gündən təxminən 10 % daha çox enerji lazım olacaq və bu həcmin təxminən yarısı neft və qazın payına düşəcək. Hətta temperatur artımının iki dərəcə ilə məhdudlaşdırıldığı ssenariyə əsasən, enerji tələbatı bugünkü təlabatın üçdə ikisi səviyyəsində qalacaq və onun üçdə biri hələ də neft və qaz tərəfindən təmin ediləcək. Bu faktdır: dünyaya hələ onilliklərlə karbohidrogenlər lazımdır", - C.Kristofoli qeyd edib.
O vurğulayıb ki, məhz buna görə region inkişaf etməli və Avropa ilə Asiya arasında geniş məkan üçün enerji habı olaraq qalmalıdır: "Cari infrastruktura baxın: Xəzərin resurslarını dünyanın ən böyük bazarlarından birinə - Avropaya çatdıran boru kəmərləri şəbəkəmiz var. Bu yaxınlarda mən Brüsseldə sənayemizin maraqları naminə vəkillik məsələləri ilə əlaqədar olmuşam. Orada birbaşa etiraf edirlər ki, Avropaya uzun illər qaz lazımdır. Bu anlayış getdikcə daha aydın olur. Bizim sabit təchizatı təmin edən güclü infrastrukturumuz var".
C.Kristofoli qeyd edib ki, Xəzərin ən vacib üstünlükləri təkcə infrastruktur deyil, həm də insanlardır: "İxtisaslı kadrlar, onların səriştələri, universitetlərlə əməkdaşlıq - regiona nəhəng enerji habı olmaq üçün böyük potensial verən fundamental amillərdir".
Bundan əlavə, o təchizat zəncirində tərəfdaşlıqların rolunu və yeni əməkdaşlıq formatlarına marağı vurğulayıb: "Biz təchizatçılarla yeni şəkildə işləmək, alyanslar yaratmaq istəyini müşahidə edirik. Vacib məqam - yeni texnologiyaları tətbiq etmək istəyidir. İnsanlar, infrastruktur, hökumətin dəstəyi və enerjiyə uzunmüddətli ehtiyac - bütün bunlar Xəzərin gələcək onilliklər boyunca enerji mərkəzi kimi gələcək baxışını formalaşdıran əsaslardır".