COP31 Sədrliyi binaların enerji intensivliyinin 20 % azaldılmasını təklif edir

Energetika
  • 10 sentyabr, 2026
  • 09:42
COP31 Sədrliyi binaların enerji intensivliyinin 20 % azaldılmasını təklif edir

COP31 Sədrliyi 2035-ci ilə qədər binaların enerji intensivliyinin 20 % azaldılmasını təklif edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi Direktorluğunun direktor müavini Tuğba Dinçbaş "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.

Onun sözlərinə görə, binalar bu gündəliyin mərkəzindədir: "Binaların enerji səmərəliliyinin artırılması enerji tələbatını və emissiyaları azaltmaq üçün ən təxirəsalınmaz və praktiki imkanlardan biridir. Bu, həmçinin dözümlülüyün, maliyyə baxımından əlçatanlığın və həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Məhz bu səbəbdən COP Sədrliyi enerji səmərəli binaları öz tikinti iş istiqamətinin mərkəzinə qoyur. Biz bu keçidi aydın və ölçülə bilən hədəflər ətrafında birləşdirmək istəyirik. Binalar üzrə COP31 Sədrliyi 2025-ci ilin baza göstəricisi ilə müqayisədə 2035-ci ilə qədərk binaların enerji intensivliyinin ən azı 20 % azaldılmasını nəzərdə tutan qlobal ambisiya təklif edir. Eyni zamanda, daha geniş fəaliyyət gündəliyimiz 2035-ci ilə qədər ümumi son enerji tələbatında elektrik enerjisinin payını 35 %-ə çatdırmağı hədəfləyən "35-dən 35-ə" qlobal elektrik enerjisinə keçid məqsədini irəli aparır".