Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlıq istiqamətlərini açıqlayıb

Energetika
  • 13 noyabr, 2021
  • 06:11
Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlıq istiqamətlərini açıqlayıb

Çexiyanın Sənaye və Ticarət Nazirliyi ilə Azərbayanın Energetika Nazirliyi arasında enerji sahəsində imzalanmış əməkdaşlıq haqqında saziş əsasında Azərbaycanla-Çexiya arasında işçi qrupu formalaşdırılacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Çexiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib.

Məlumata görə, sözügedən saziş bu ilin sentyabr ayında Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri çərçivəsində imzalanıb: "Bu sənəd gələcəkdə enerji sahəsində əməkdaşlığın əsasını təşkil edə bilər. Biz bunu əhəmiyyətli dərəcədə gücləndirmək istəyirik. Sənəd hər iki ölkədə enerji layihələri üçün əlverişli mühiti yaratmaq və inkişaf etdirmək məqsədi daşıyır. Bərpa olunan enerji sahəsində gələcək əməkdaşlıq üçün böyük potensial var. Çexiya şirkətlərinin texnologiyası külək və su enerjisində və enerji sənayesinin səmərəliliyinin artırılmasında tətbiq edilə bilər”.

Həmçinin bildirilir ki, Çexiya şirkətləri üçün daha bir fürsəti Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi və iqtisadiyyatın qeyri-neft sənayesinin inkişafının dəstəklənməsi səyləri çərçivəsində fəallaşdırılan sektorları təqdim edilə bilər: “Bura kənd təsərrüfatı, kimya sənayesi, istehsal, sənaye, mühəndislik, nəqliyyat, logistika, turizm və İT sahələri daxildir. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün davam edən və nəzərdə tutulan yeni layihələr böyük imkanlar təqdim edir, məsələn, nəqliyyat vasitələrinin təchizatı ilə birlikdə avtomobil və dəmir yolu şəbəkəsinin yenidən qurulması da bura daxildir. Çexiyanın prioritet hesab etdiyi sahələrdən biri səhiyyə texnologiyası və avadanlıqları sahəsidir. 2021-ci ilin mayında Çexiyanın Sənayə və Ticatə Nazirliyinin təşkilatçılığı bu sahələri dəstəkləmək üçün Azərbaycana və Gürcüstana biznes missiyaları təşkil edilib. Çexiya tədarükçülərinin keçmişdə əməkdaşlıq etdiyi tibb müəssisələrinin müasirləşdirilməsi proqramı davam edir, əczaçılıq sənayesi də ümidvericidir”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla-Çexiya arasında ticarət dövriyyəsi 38 % azalaraq 140 milyon 812 min ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan Çexiyaya 107 milyon 090 min ABŞ dolları dəyərində 209 min 154 ton xam neft ixrac edib.

44 - Tezliklə