Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 43 %-dən çox artıb

Energetika
  • 10 fevral, 2022
  • 11:52
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 43 %-dən çox artıb

2021-ci il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 48,5 milyon kubmetr olub ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 14,7 milyon kubmetr və ya 43,5 % çoxdur.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2021-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Məlumata əsasən, ötən ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 54 milyon ABŞ dolları əməliyyat xərcləri sərf edilib. Bu, 2020-ci ilin nəticələri ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 14,9 % çoxdur.

2021-ci il ərzində boru kəmərinin əsaslı xərcləri 12 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 7,7 % azdır.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Avqustun 1-də CQBK-nin texniki operatorluğunun “BP Eksploreyşn (Şahdəniz) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi başa çatıb. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış olublar.

Texniki operatorluğun ötürülməsi "Şahdəniz"in işlənməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilib.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,83 %), "AzSCP" (10 %), "SGC Midstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.