Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 11 %-dək artıb

Energetika
  • 05 may, 2022
  • 10:33
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 11 %-dək artıb

Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 56,2 milyon kubmetr olub ki, bu da 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 5,4 milyon kubmetr və ya 10,6 % çoxdur.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Rüb ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 14 milyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin birinci rübünün nəticələri ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 7,7 % çoxdur.

Bu ilin birinci rübündə boru kəmərinin əsaslı xərcləri 0,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 6,7 dəfə azdır.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) və Cənub Qaz Dəhlizi (6,67 %).