Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 10 dəfə azalıb
- 01 avqust, 2019
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun ayları ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə, təqribən, 20 mln ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
“Report” “BP-Azerbaijan” şirkətinin rüblük hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin ilk iki rübü ilə müqayisədə 2 mln dollar və ya 11,1% çoxdur.
Ötən yarım il ərzində boru kəmərinin əsaslı xərcləri 24 mln dollar təşkil edib ki, bu da 2018-ci ilin ilk iki rübünün göstəriciləri ilə müqayisədə 217 mln və ya 10 dəfə azdır.
Bu ilin yarım ilində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 28 mln kubmetrdən çox olub ki, bu da 2018-ci ilin ilk iki rübü ilə müqayisədə 7 mln kubmetr və ya 33,3% çoxdur.
Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.
CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul operatordur.
Qeyd edək ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.