Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 2 dəfə azalıb
- 03 noyabr, 2022
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 49 milyon ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2022-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bu, 2021-ci ilin 9 ayı ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 25,6 % çoxdur.
Bu ilin üç rübü ərzundə boru kəməri üzrə əsaslı xərclər 8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon ABŞ dolları və ya 2 dəfə azdır.
Məlumata görə, bu ilin ilk doqquz ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,1 milyon kubmetr olub ki, bu da illik müqayisədə 9,3 milyon kubmetr və ya 19,9 % çoxdur.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99%), "SOCAR (14,35 %), "SGC Midstream" (6,7 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.