Cənub Qaz Dəhlizi ilə hidrogenin nəqlinin mümkünlüyü ilə bağlı yeni tədqiqatlar hazırlanır

Energetika
  • 12 iyun, 2024
  • 11:10
Cənub Qaz Dəhlizi ilə hidrogenin nəqlinin mümkünlüyü ilə bağlı yeni tədqiqatlar hazırlanır

TAP AG boru kəməri şirkəti bu ilin sonuna kimi hidrogenin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəqlinin mümkünlüyü ilə bağlı yeni tədqiqatlar aparmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu TAP-ın Yunanıstandakı nümayəndəsi İoannis Maris deyib.

“Məqsədimiz ilkin olaraq təbii qazla qarışıq kimi hidrogen və bəlkə də biometanı nəql etmək üçün aktiv hazırlamaqdır. 2021-ci ildə aparılan araşdırma TAP-ın gələcəkdə hidrogen qarışığı nəql etmək qabiliyyətini təsdiqləyib. Lazımi sınaq qurğularının yaradılmasına sərmayə qoyaraq, bu il biz boru materiallarımızı beynəlxalq səviyyədə tanınmış laboratoriyada sınaqdan keçirəcəyik", - o bildirib.

İ.Marisin sözlərinə görə, yeni sınaqlar TAP borularının materialının hidrogenin nəql edilməsinə uyğunluğunu tam qiymətləndirməyə imkan verəcək: “Bu ilin sonunda biz, həmçinin böyük miqdarda hidrogenin TAP vasitəsilə nəqli üçün digər mövcud avadanlıqların uyğunluğunu qiymətləndirməyə başlamağı planlaşdırırıq. Biz səhmdarlarımız, əsas təchizatçılarımız və sənaye nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Çünki tutumların təkmilləşdirilməsinə yatırılan investisiyalar və nəql edilən hidrogenin faizi həm hidrogen bazarının ehtiyaclarını, həm də bazar qaydalarına cavab vermək üçün zamanla artacaq”.

O vurğulayıb ki, TAP-ın tam genişləndirilməsi (ildə 20 milyard kubmetrə qədər) nəinki tədarük təhlükəsizliyi problemlərini həll edəcək, həm də yeni həcmdə “yaşıl hidrogen” və digər bərpa olunan qazları nəql etməklə Aİ-ni karbonsuzlaşdırma hədəfinə doğru irəliləməsinə kömək edəcək.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.

44 filmi