Kanadanın neft şirkəti Azərbaycanda yeni qazma qurğusunu işə salacaq
- 28 mart, 2019
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan ərazisində quruda yerləşən Cəfərli yatağındakı C-37 quyusunda BD-260 qazma qurğusunu növbəti 48 saat ərzində işə salınmasına başlayacaq.
“Report” bu barədə şirkətin yaydığı məlumata istinadən xəbər verir.
“Zenith Energy” şirkətindən bildirilib ki, BD-260 qazma qurğusunun təchizatı yekunlaşdıqdan sonra bazar bu barədə məlumatlandırılacaq.
Şirkətin baş direktoru Andrea Kattaneo məsələ ilə bağlı bildirib ki, hazırda şirkətin Azərbaycandakı Cəfərli yatağındakı quyularının potensial transformasiya dərinləşdirmə proqramının başlanması qaçılmazdır: “Biz indiki irəliləyişlərdən son dərəcə həyəcanlıyıq və səbrsizliklə, qazma qurğusunun nə zaman tam hazır olacağını gözləyirik".
Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.
“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.