Cavid Abdullayev: "Azərbaycanın kifayət qədər böyük saxlanc sistemi olacaq"
- 29 oktyabr, 2025
- 10:54
Gələn ilin I rübündə Azərbaycanın kifayət qədər böyük saxlanc sistemi olacaq.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, hazırda Ağdaş və Abşeron rayonlarında iki saxlanc sisteminin inşası ilə bağlı zəruri tədbirlər həyata keçirilir: "Həmin sistemlər birgə fəaliyyətlə şəbəkəmizə dəstək verəcək. Bu da son nəticədə şəbəkənin inteqrasiya olunmasına, "yaşıl enerji" mənbələrinin artırılmasına köməklik göstərəcək".
C.Abdullayev əlavə edib ki, saxlanc sistemlərinin daha geniş istifadəsi ilə bağlı xüsusi müzakirələr aparılır: "Qarşıdakı layihələrimizin yəqin ki, böyük əksəriyyəti reallaşdıqca onlar özlərinə müəyyən saxlanc sistemlərinin inşasını nəzərdə tutmaq məcburiyyətində olacaqlar. Çünki bizim şəbəkənin təhlili bağlı olan müəyyən məlumatlar var. "Yaşıl enerji"dən istifadə həcmi artdıqca şəbəkə ilə bağlı problemlər də eksponensial olaraq artır. Onların qarşısının alınması üçün müəyyən mitiqasiya tədbirləri görülməsi zəruridir".