Cavid Abdullayev: "Azərbaycan "təmiz enerji" üzrə haba çevrilməyə çalışır"
- 07 sentyabr, 2026
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) gücünün artırılması, rəqəmsal texnologiyaların tətbiqi və transsərhəd infrastrukturunun inkişafı vasitəsilə enerji sisteminin genişmiqyaslı transformasiyasını həyata keçirməyi və regional "təmiz enerji" mərkəzi statusunu möhkəmləndirməyi qarşısına məqsəd qoyub.
"Report" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Qlobal enerji keçidi prinsipial olaraq yeni mərhələyə qədəm qoyur. Bu gün söhbət yalnız BOEM əsasında generasiya güclərinin artırılmasından getmir. Əsas vəzifə onların iqtisadi sistemə tam inteqrasiyası, investisiya axınlarının cəlb edilməsi və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan üçün innovativ inkişaf, rəqəmsal transformasiya və dövlətlərarası qarşılıqlı fəaliyyət bir-biri ilə sıx bağlıdır və uzunmüddətli perspektivdə strategiyanın təməlini formalaşdırır", - o vurğulayıb.
C.Abdullayev qeyd edib ki, ölkənin strateji vəzifəsi təkcə milli enerji balansında bərpa olunan mənbələrin payının artırılmasından deyil, həm də iqtisadiyyatın yeni "yaşıl sektor"larının formalaşdırılmasından ibarətdir: "Günəş və külək generasiyası sahəsində layihələrin genişləndirilməsi ilə yanaşı, ölkə "yaşıl hidrogen" və geotermal enerji istiqamətlərini də fəal şəkildə inkişaf etdirir".