Cavid Abdullayev: "Azad olunmuş ərazilərdə enerji səmərəliliyi tələbləri sərtləşdirilib"

Energetika
  • 14 oktyabr, 2025
  • 17:47
Cavid Abdullayev: Azad olunmuş ərazilərdə enerji səmərəliliyi tələbləri sərtləşdirilib
Cavid Abdullayev

İşğaldan azad olunmuş ərazilərdə enerji səmərəliliyi tələbləri sərtləşdirilib.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.

Onun sözlərinə görə, dayanıqlılıq anlayışı bioloji, iqtisadi və texnoloji risklərin qarşısında strukturun davamlı fəaliyyətini təmin etmək deməkdir: "Bu gün dayanıqlılıq təkcə iqtisadi və texnoloji deyil, həm də təbii risklər kontekstində qiymətləndirilir. Məsələn, hətta çayların səviyyəsinin azalması halında belə bəzi qurğular öz səmərəliliyini saxlayır".

C. Abdullayev bildirib ki, yaşıl enerji zonası elan olunan işğaldan azad olunmuş ərazilərdə beynəlxalq məsləhətçi şirkət kimi Yaponiyadan cəlb olunub: "Burada aparılan bütün araşdırmalarda enerji səmərəliliyi əsas istiqamət kimi müəyyən edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yaşıl enerji zonası ilə bağlı 4 normativ-texniki sənədin qəbul edilməsi tapşırılmışdı və onların hamısı artıq təsdiq olunub".

O vurğulayıb ki, fərdi evlərin günəş panelləri ilə təchiz olunması istiqamətində iqtisadi analizlər aparılıb: "Qazlaşdırılmış yaşayış məntəqələrində evlərin üzərinə 3 kVt gücündə, qazlaşdırılmamış yaşayış məntəqələrində isə 5 kVt gücündə günəş panellərinin quraşdırılması məqsədəuyğun hesab olunub. Eyni zamanda istilik kondisionerlərinin istifadəsi də xüsusi əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, enerji səmərəliliyi standartlarının tətbiqi işğaldan azad olunmuş ərazilərdə əsas prioritetlərdəndir: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Avropadakı kimi enerji effektivliyi üzrə A, B, C, D, E kateqoriyalarını qəbul edib. Azərbaycanda artıq C-dən aşağı kateqoriyalı evlərin istismara verilməsi qadağandır. İşğaldan azad olunmuş ərazilərdə də bir dənə belə aşağı kateqoriyalı evin tikintisinə yol verilməyəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti