Cahid Mikayılov: "Oktyabrda binaların enerji effektivliyi üzrə elektron pasport sistemi yekunlaşdırılacaq"
- 07 sentyabr, 2026
- 14:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda binaların enerji effektivliyi üzrə elektron pasport sistemi oktyabrda yekunlaşdırılacaq.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-da (BCAW 2026) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binaların pasportlaşdırılması nəzərdə tutulur: "Amma burada, təbii ki, istisnalar olacaq. Məsələn, tarix və memarlıq abidələri, müvəqqəti tikililər, anbar binaları və xüsusilə fərdi yaşayış evləri istisnadır. Türkiyədə, şərtlər bir qədər sərtdir, bərpa olunan enerji öhdəliyi də var. Bizdə isə şərtlər o qədər sərt deyil. Amma təxmin edirəm ki, Türkiyədə də bu proses başlayanda bu qədər sərt başlamamışdı. Daha sonra mərhələli şəkildə enerji effektivliyini artıracaq formada davam etdirilib. Azərbaycanda da eyni addımlarla davam edəcəyik. Hələlik ən sadə şəkildə başlayırıq".
C. Mikayılov bildirib ki, hazırda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması üçün elektron bir sistem inkişaf etdirilir: "Türkiyədə olduğu kimi, bir layihəçi sistemə daxil olur və həmin sistemdə binanın layihəsinə dair məlumatları daxil edir. Məsələn, binanın hündürlüyü, divarın qalınlığı, izolyasiya materialının növü, pəncərənin növü – iki və ya üçqatlı olması və s. Mən bütün bu məlumatları sadələşdirilmiş şəkildə deyirəm, amma bu, bu qədər asan proses deyil. Amma bütün bu məlumatlar daxil edildikdən sonra sistem binanın illik 1 kvadratmetr sahəsinə nə qədər enerji istehlak edəcəyini özü hesablayır və bu binaya bir sinif - A, B və yaxud C sinfi verir".
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda da mövcud qanunvericilik A, B və ya C sinfinə müvafiq gələn bina tikintisinə icazə verir: "Yəni bizdə də eyni sistem olacaq. Təbii ki, layihəçi bizim Binalarda Enerji Effektivliyi İnformasiya Sisteminə (BEEİS) daxil olaraq, sistem vasitəsilə hesablayacaq, sonra pasportu sistem özü generasiya edəcək. Bununla əlaqədar nazirlik "Septem" şirkəti ilə birgə işləyir. Artıq 3 aya yaxındır ki, bu proses gedir və oktyabr ayında prosesləri yekunlaşdırmaq niyyətindəyik".