"Bulla-dəniz" yatağında növbəti quyunun qazma və tamamlama işləri başa çatıb

Energetika
  • 30 iyul, 2026
  • 15:17
Bulla-dəniz yatağında növbəti quyunun qazma və tamamlama işləri başa çatıb

SOCAR AQŞ "Bulla-dəniz" qaz-kondensat yatağının 6 saylı stasionar dəniz özülündən (SDÖ) qazılan 118 saylı yüksək təzyiqli maili istismar quyusunda qazma və tamamlama işlərini yekunlaşdırıb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Bildirilib ki, "Bulla-dəniz" yatağı 1975-ci ildə kəşf edilmiş və Bakı arxipelaqında yerləşən strateji əhəmiyyətli qaz-kondensat yataqlarından biridir. Yatağın işlənilməsi çərçivəsində həyata keçirilən bu layihənin əsas məqsədi qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi və yeni qaz-kondensat quyusunun istismara verilməsi idi.

Məlumata əsasən, layihə çərçivəsində 118 nömrəli maili istismar quyusunda qazma işləri 5 800 metr dərinliyədək "açar təhvili" prinsipi əsasında uğurla həyata keçirilib. Daha sonra 5.5×7 ölçülü istismar quyruq kəməri endirilərək kipliyə yoxlanılıb və sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyinə təhvil verilib.

"Bulla-dəniz yatağının mürəkkəb geoloji xüsusiyyətlərinə və qazma prosesi zamanı müxtəlif dərinliklərdə rast gəlinən texniki çətinliklərə baxmayaraq, layihəni beynəlxalq standartlara uyğun, təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirdik. Bu nəticə sifarişçimiz və podratçı tərəfdaşlarımızla səmərəli əməkdaşlığın, komandamızın peşəkarlığının və operativ mühəndis qərarlarının məntiqi nəticəsidir", - SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.

Məlumatda qeyd olunub ki, layihənin mühüm nailiyyətlərindən biri kimi quyunun tamamlama dizaynı və əməliyyat addımları optimallaşdırılıb. Bunun nəticəsində "Azneft" İstehsalat Birliyi və Nərimanov Neft və Qaz Çıxarma İdarəsinin tarixində ilk dəfə olaraq quyudibi təzyiqi və temperaturu fasiləsiz izləyəcək quyudibi manometr quraşdırılıb. Bu həll hasilatın monitorinqi və quyunun daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şirkət 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.