“Bulgargaz”ın keçmiş rəhbərliyi Azərbaycandan ucuz qaz almamaqda günahlandırılır
- 01 fevral, 2022
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstanın dövlətə məxsus “Bulgargaz” qaz tədarükçüsü şirkətinin keçmiş rəhbərliyinin Azərbaycandan ucuz təbii qaz idxal etməməsinə görə yaxın günlərdə mühakimə olunacağı gözlənilir.
“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, yanvarın 28-də “Bulgargaz”ın bütün rəhbərliyi dövlət enerji şirkətlərini idarə edən Bolqarıstan Enerji Holdinqi (BEH) tərəfindən Azərbaycandan əlavə həcmdə təbii qaz alınması ilə bağlı qərarlarına görə işdən çıxarılıb.
K. Petkov qeyd edib ki, hakimiyyət Bolqarıstanın Yunanıstanla qaz xəttinin tamamlanmamasına baxmayaraq Azərbaycandan 1 milyard kubmetr həcmdə təbii qazın başqa xətt ilə idxal oluna biləcəyini aşkar etdikdən sonra rəhbərlik işdən çıxarılıb.
P. Petkov bildirib ki, Azərbaycan və Bolqarıstanın əsas qaz təchizatçısı olan “Qazprom” şirkəti tərəfindən satılan təbii qazın qiymətləri arasında fərq o qədər böyükdür ki, hər hansı bir bəhanə ilə həcmlərdən imtina etmək, sonradan “Bulgargaz”a və istehlakçılara ziyan vurur.
O əlavə edib ki, ilin əvvəlindən Bolqarıstanda təbii qazın qiymətinin xeyli artması “Bulgargaz”ın keçmiş rəhbərliyinin qərarları ilə bağlı olub.
Bolqarıstanın energetika naziri Aleksandr Nikolov yanvarın əvvəlində “Bulgargaz”ı Rusiyanın “Qazprom” şirkətindən aldığı qazdan daha ucuz qiymətə Azərbaycandan 1 milyard kubmetr təbii qaz idxal etməməkdə ittiham edib. A. Nikolov hətta ehtimal edib ki, “Azərbaycan Qaz Təchizatı Şirkəti” (AGSC) ilə müqavilələrə dəyişiklik etməklə “Bulgargaz” Azərbaycandan idxalı qeyri-mümkün edib. Əvəzində “Bulgargaz” “Qazprom”dan daha bahalı təbii qaz idxal edirdi.
“Bulgargaz” və AGSC arasında bağlanmış müqaviləyə əsasən, Yunanıstan-Bolqarıstan qaz kəməri Azərbaycandan qazın nəqli yollarından biridir. Qaz xəttinin tamamlanması gecikib, lakin Nikolov iddia edir ki, “Bulgargaz” hələ də AGSC ilə razılaşdırılmış həcmi tam idxal edə bilərdi.
“Biz Azərbaycandan ucuz təbii qaz həcmləri almaq təklifindən və müqaviləsindən imtina etdikdə, buna səbəb Bolqarıstanın Yunanıstanla əlaqənin olmaması idi. Eyni zamanda, biz təchizatçılarımızdan digər bir qaz daxil olması üçün giriş nöqtəsindən, cəmi 200 kilometr aralıda yerləşən Nea Mesembria vasitəsilə qaz ala biləcəyimiz barədə bildiriş alırıq”, - deyə K. Petkov həmin gün keçirdiyi mətbuat konfransında bildirib.
O, əlavə edib ki, Daxili İşlər Nazirliyi faktların müəyyənləşdirilməsi üzərində işləyir və yaxın bir neçə gün ərzində o, ittiham aktını gözləyir.
“Bulgargaz”ın keçmiş rəhbərliyi müqaviləyə əlavələrin razılaşdırılmış tam həcmdə tədarükün qarşısını aldığı ilə bağlı faktı inkar edib. Şirkət Yunanıstan-Bolqarıstan qaz birləşməsinin tamamlanana qədər razılaşdırılmış həcmlərin heç olmasa bir hissəsini ala bilmək üçün imkan yaratdığını iddia edib.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.