“Bulgargaz”: “Bolqarıstan Azərbaycan qazının mümkün olan maksimal həcmini alır”
- 10 yanvar, 2022
- 07:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstan Azərbaycan qazının mümkün olan maksimal həcmini hazırda tədarük edildiyi Yunanıstandakı birləşmə nöqtəsindən alır.
“Report”un məlumatına görə, bu barədə “Bulgargaz” şirkətinin İdarə Heyətinin müstəqil üzvü Svetoslav Delçev bildirib.
O, “Bulgargaz”ın Azərbaycandan mümkün təbii qazın maksimum həcmini göstərməməsi ilə bağlı iddiaları təkzib edib.
S. Delçev izah edib ki, Yunanıstanla boru kəmərinin birləşməsinin olmaması səbəbindən Bolqarıstan razılaşdırılmış həcmin üçdə birindən çoxunu ala bilmir: “Çünki bu, bizim indi tədarük etdiyimiz nöqtədən əldə edə biləcəyimiz mümkün qaz miqdarıdır. Yunanıstana qaz kəmərinin çəkilməsinin gecikməsi Bolqarıstana mənfi təsir edir”.
O bildirib ki, Bolqarıstan razılaşdırılmış qiymətlərlə Azərbaycan qazını almağa davam edir: “Lakin Azərbaycan tədarükçüsü bu tədarüklərə görə heç bir öhdəlik götürmür. Çünki Bolqarıstan onları razılaşdırılmış məntəqə - Yunanıstanla mövcud olmayan qaz əlaqəsi vasitəsilə ala bilmir”.
Qeyd edək ki, IGB İnterkonnektoru (İnterconnector Greece – Bulgaria) Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.