“Bulgargaz” Azərbaycanla qaz tədarükünü davam etdirmək üçün müqavilə imzalayıb

Energetika
  • 04 oktyabr, 2021
  • 11:47
“Bulgargaz” Azərbaycanla qaz tədarükünü davam etdirmək üçün müqavilə imzalayıb

Bolqarıstanın “Bulgargaz” şirkəti Azərbaycan tərəfi ilə təbii qaz tədarükünü qismən davam etdirmək üçün müqavilə imzalayıb.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycandan bu ölkəyə təbii qaz tədarükü Yunanıstanın digər qaz birləşmə nöqtəsində aparılacaq və daha böyük həcmdə idxal etməyə çalışacağını vəd edir.

Mütəxəssislərin fikrincə, bu gələn ay təbii qaz qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Amma “Bulgargaz” şirkətinin baş direktoru Nikolay Pavlov belə bir fərziyyəni rədd edib.

O bildirib ki, bu ilin oktyabr ayından Bolqarıstan Azərbaycan qazının idxalını artıracaq: “Dünya qaz qiymətlərinin artmasının təsirini azaltmaq üçün ölkə oktyabr ayından etibarən Azərbaycan qazının idxalını artıracaq”.

O xatırladıb ki, təbii qazın qiyməti Avropada Rusiyanın "Qazprom" şirkətindən tədarük edilməsi səbəbi ilə çox bahadır: “Hazırda Azərbaycan qazı demək olar ki, 50 % ucuzdur. Lakin Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) hələ hazır olmadığı üçün razılaşdırılmış bütün həcmi idxal edə bilmirik”.

N. Pavlov qeyd edib ki, əgər bu əlaqə qurularsa, qaz daha ucuz olacaq. Ancaq o, bu qiymətin nə qədər az olduğunu söyləməkdən imtina edib.

Xatırladaq ki, oktyabrda təbii qaz qiymətlərinin artması beynəlxalq qaz bazarlarında təbii qazın qiymətlərində davamlı artım tendensiyasını əks etdirir. Bazarda təbii qazın qiymətlərinin sentyabr ayında 50 %-dən çox artdığını göstərir. “Bulgargaz EAD” şirkətinin Bolqarıstan bazarı üçün təklif etdiyi qiymət Avropadakı qaz qovşaqlarının qiymətlərindən təxminən 20 % aşağıdır. Yəni, 2021-ci ilin əvvəlindən etibarən ölkədəki istehlakçılar Avropadakı istehlakçılardan 140 milyon lev daha az vəsat ödəyiblər.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. Yanvar ayından indiyədək Bolqarıstan cəmi 225 milyon kubmetr Azərbaycan qazı idxal edib.

Ümumilikdə isə Bolqarıstan hər il, təxminən, 3 milyard kubmetr qaz idxal edir.