Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,4 milyard kubmetr qaz hasil edilib
- 11 dekabr, 2024
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 1,4 milyard kubmetr qaz hasil edib.
Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.
“Operativ məlumatlara əsasən, yanvar-noyabr aylarında “Abşeron” yatağından 1,4 milyard kubmetr təbii qaz və 520 min ton kondensat hasil edilib”, – hesabatda qeyd olunub.
Xatırladaq ki, 2023-cü ildə JOCAP “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 300 min ton kondensat hasil edib. Beləliklə, ümumilikdə, istismara verildiyi vaxtdan indiyədək yataqdan 2,2 milyard kubmetr qaz və 820 min ton kondensat hasil edilib.
2024-cü ildə "Abşeron" yatağının işlənməsinin I mərhələsi çərçivəsində qaz hasilatı pik həddə - 1,5 milyard kubmetrə çatmalıdır, kondensat hasilatı isə 523 min ton səviyyəsində gözlənilir.
2023-cü il iyulun 10-da “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində "Abşeron" yatağının işlənməsinin I mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan edib. Hazırda hasilat I mərhələ çərçivəsində həyata keçirilir. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
Xatırladaq ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda 350 milyard kubmetr həcmində qaz ehtiyatlarının olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.