Bu ilin 4 ayında Azərbaycanın ixrac etdiyi neftin həcmi açıqlanıb
- 13 may, 2025
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 7,8 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 milyon ton və ya 1,7 % azdır.
Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 1 milyon ton təşkil edib. Bu, 2024-cü ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə eynidir.
2025-ci ilin yanvar-aprel aylarında konsorsium 6,6 milyon tonu neft ixrac edib. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,3 milyon ton və ya 4,3 % azdır.
Hesabat dövründə hasil edilən neftin 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən mayın 1-nədək təqribən 654,9 milyon ton neft və 176,5 milyard kubmetr qaz ixraca nəql edilib.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.