Bu ilin 4 ayında Azərbaycanda hasil edilən neftin həcmi açıqlanıb
- 13 may, 2025
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 4 ayının göstəricisi ilə müqayisədə 0,5 milyon ton və ya 5,2 % azdır.
Bildirilir ki, hesabat dövründə respublika üzrə neft hasilatının 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2024-cü ilin hesabat dövrü ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,2 milyon ton və ya 3,6 % azdır.
“Şahdəniz” yatağından 1,3 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-aprel aylarının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 7,1 % azdır.
Həmçinin, bu müddət ərzində 0,2 min tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb ki, bu da illik müqayisədə eynidir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin ilk 4 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 8 % azdır.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən mayın 1-nədək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 606,9 milyon ton neft, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat çıxarılıb.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.