Bu il Türkiyə idxal etdiyi neftin 35 %-dən çoxu “STAR” NEZ-in payına düşüb
- 30 iyul, 2024
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə bu ilin yanvar-may aylarında 12 milyon 976 min 261,75 ton neft alıb ki, bunun da 35,2 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “STAR” Neft Emalı Zavodunun payına düşüb.
“Report” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDC) istinadən xəbər verir ki, hesabat dövründə Türkiyə neft idxalını ötən ilin yanvar-may ayları ilə müqayisədə 15,2 % artırıb.
EPDC-nin məlumatına görə, bu ilin 5 ayı ərzində Türkiyənin idxal etdiyi neftin 64,8 %-i və ya 8 milyon 407 min 951,05 tonu (artım 27,8 %) “Turkiye Petrol Rafinerileri AS” (TUPRAS) şirkətinin payına düşüb.
“STAR” NEZ bu ilin yanvar-may aylarında 4 milyon 568 min 310,7 ton neft (azalma 2,5 %) idxal edib.
Hesabat dövründə “STAR” NEZ 2 milyon 024 min 285,51 ton (artım 20,1 %) neft məhsulları ixrac edib ki, bu da Türkiyənin ümumi neft məhsulları ixracının 29,58 %-ni təşkil edir.
Eyni zamanda, bu ilin yanvar-may aylarında ixracın əsas həcmi - 1 milyon 406 min 909,24 ton dizel yanacağının, 116 min 674,97 ton təyyarə yanacağının, 500 min 701,3 ton isə digər neft məhsullarının payına düşüb.
STAR NEZ 2018-ci il oktyabr ayının 19-da istismara verilib. Zavodda “Azeri Light”, “Kərkük” və “Urals” neft növlərinin emalı nəzərdə tutulub. Zavodun illik gücü 13 milyon ton təşkil edir.
“STAR” NEZ “Petkim” neft-kimya kompleksini xammalla təmin edir və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verir.
SOCAR “STAR” NEZ-in tikintisi və inkişafına 7 milyard ABŞ dollarına yaxın sərmayə qoyub.