Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 %-dən çox artıb
- 28 avqust, 2023
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 133,408 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 7,774 milyon barel və yaxud 6,19 % çoxdur.
Bu ilin iyul ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,634 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,118 milyon barel və yaxud 6,04 % çoxdur.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.