Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 3 %-dək azalıb
- 17 mart, 2022
- 06:14
Bu ilin fevral ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 15,063 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 526 min barel və yaxud 3,62 % çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 32,562 milyon barel neft nəql edilib. Bu, 2021-ci ilin ilk iki aylıq göstəriciləri ilə müqayisədə 942 min barel və yaxud 2,8 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.