Bu il TANAP ilə Türkiyəyə nəql edilən qazın həcmi cüzi artıb

Energetika
  • 15 dekabr, 2022
  • 09:37
Bu il TANAP ilə Türkiyəyə nəql edilən qazın həcmi cüzi artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-noyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu həcmlər ötən ilin 11 aylıq dövrü ilə müqayisədə 100 min kubmetr və ya 1,96 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 7,6 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 min kubmetr və ya 1,3 % azdır.

Hesabat dövründə Azərbaycandan xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 19 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

44 - Tezliklə