Bu il “Suraxanı” yatağından neft hasilatının həcmi açıqlanıb
- 29 yanvar, 2025
- 13:27
Bu il “Suraxanı” yatağından 1,03 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair verdiyi rəydə deyilir.
Bu, 2024-cü ilin proqnozu ilə müqayisədə 0,01 milyon barel və ya 0,96 %, 2023-cü ilin faktiki göstəricisinə nisbətən isə 0,02 milyon barel və ya 1,9 % azdır.
Məlumata görə, 2024-cü ildə yataqdan 1,04 milyon barel neftin hasil olunacağı gözlənilir, 2023-cü ildə isə 1,05 milyon barel neft hasil edilib.
Qeyd edək ki, "Suraxanı" neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 metr yüksəklikdə yerləşir. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 2005-ci ilin avqustun 16-da qüvvəyə minib. Saziş sahəsi 13 km2-dir. Yatağın işlənməsinə 1904-cü ilin avqustun 24-də Ağcagil mərtəbəsindən 211 metr dərinliyə qazılmış 73 204 №-li quyunun fontan üsulu ilə istismara verilməsindən başlanıb. Gündəlik hasilat 35 ton neft olub.
"Suraxani Neft Əməliyyat Şirkəti" və "Rafi Oil F.Z.E." şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Rafi Oil"ın iştirak payı 75 %, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) isə 25 % təşkil edir.